18 Aprel 2015 09:06
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın Yamanasi prefekturasında maqnit yastıq üzərində hərəkət edən qatarlar (maqlev) üçün yeni sürət rekordu müəyyən edilib. JR Tokai dəmiryol kompaniyasının məlumatına görə, 18 kilometrlik poliqonda aparılan sınaqlar zamanı qatar saatda 590 kilometr sürət yığıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, yeddi vaqondan ibarət qatarın sürəti 19 saniyə ərzində sabit qalıb. JR Tokai dəmiryol kompaniyasından hazırkı rekordun yapon maqlevinin imkanlarının maksimal həddi olmadığını və yaxın zamanlarda qatarın sürətini saatda 600 kilometrə çatdırmağı düşündüklərini bildiriblər.

Qeyd edək ki, əvvəlki rekord Yamanasi prefekturasının həmin test poliqonunda qeydə alınmışdı. 2003-cü ildə nail olunan sürət saatda 581 kilometr təşkil etmişdi.

Maqlevin yaradılması üzərində işlər hələ keçən əsrin 70-ci illərində başlasa da, Yaponiya hökuməti ilk kommersiya xəttinin çəkilməsinə yalnız 2011-ci ildə icazə vermişdi. Tikintisinə keçən il başlanılan dəmir yol xətlərinin 2027-ci ildə Tokio ilə Naqoya şəhərlərini birləşdirməsi planlaşdırılır. Plana əsasən şəhərlər arasındakı 286 kilometr yolu qatarlar 40 dəqiqə ərzində qət etməlidir. Hazırda “Sinkansen” sürət qatarları həmin məsafəni 1saat 18 dəqiqəyə gedir.


Müəllif:

Oxşar xəbərlər