24 Aprel 2015 10:22
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Terrora və Soyqırıma qarşı Qeyri- Hökumət Təşkilatları Koalisiyası” Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana, baş nazir Əhməd Davudoğlu və Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyə müraciət edib.

Teleqraf.com-un məlumatına görə, koalisiyanın sədri Faiq İsmayılov tərəfindən edilən müraciətdə bildirilir ki, Türk dünyasının böyük tarixi zəfərlərindən hesab olunan Çanaqqala döyüşündən 100 il keçir. Arxada qalan hər bir il həmişə bu tarixi zəfəri bizə qürur günü kimi xatırladıb: “Çanaqqala zəfəri, 600 il üç qitəyə hakim olan Osmanlı adlı bir imperiyanın çökməsinə təsadüf edir. I Dünya savaşı öncəsi, imperiya daxilində baş verən bəzi neqativ hadisələr Osmanlı dövlətinin sonunu anbaan yaxınlaşdırırdı. Osmanlının zəiflədiyini hiss edən daxili və xarici qüvvələr birləşərək imperiyanı məhv etmək üçün həm daxildən ermənilərin əli ilə və həm də xaricdən onu parçalamaq üçün hücuma keçdilər. Lakin bu qeyri- bərabər döyüşlərdə türk əsgərləri qarşısında tab gətirə bilmədilər. Hərbi texnika və canlı qüvvə baxımından daha üstün olan düşmən ordularına qarşı müqavimət göstərən türk əsgərləri, vətən qarşısında sədaqət andına sadiq qalaraq bu qeyri-bərabər müharibədə türkün qəhrəmanlıq tarixini öz qanlarıyla yazmağa müvəffəq oldular. Bu qəhrəmanlıq tarixinin adı Çanaqqala zəfəri idi. Çanaqqala zəfəri, min illərlə savaş təcrübəsi olan türk ordusunun əzmkarlığını, şücaətini, torpağa və millətə sədaqətini dünyaya bir daha nümayiş etdirdi. Türkün bu zəfəri, bu gün də bizi nurlu sabaha aparan yolumuzun üzərinə günəş kimi şəfəq saçır. Çanaqqala döyüşlərində türk əsgərinin yüksək döyüş əzmi, cəsarətli həmlələri, qətiyyətli müdafiə bacarığı və şəhadət zirvəsi, düşmənə “Çanaqqala keçilməzdir!” etirafını yaşatdı. Tarixi mənbələrə istinadən deyə bilərik ki, Çanaqqala zəfərində Azərbaycan türkləri olaraq bizim də xüsusi yerimiz və payımız olub. Belə ki, müxtəlif mənbələrə görə Çanaqqala savaşında 3 mindən artıq azərbaycanlı könüllü olaraq bu müharibədə iştirak edib və qəhrəmanlıqla şəhid olublar”.

Müraciətdə qeyd edilir ki, türk əsgərinin Çanaqqala zəfərində göstərdiyi qəhrəmanlıq düşmən xatirələrində tarixi etiraflara çevrilib: “Belə ki, ingilis generalı Hamilton qeydlərində tərəddüd etmədən hər bir osmanlı əsgərini yüz nəfərə bərabər tutaraq yazıb: “Bu hücumda bütün ingilis ordusuna qarşı, min nəfər Osmanlı əsgəri müqavimət göstərir. Türk ordusunda olan yüksək əhval-ruhiyyə və döyüş qabiliyyəti bütün əsgər və komandanlara ya şəhid olmaq, ya da qalib gəlmək məqsədini formalaşdırmışdı. Məhz ona görə də əsgərlərimiz düşmən qarşısnda sona qədər müqavimət göstərməyi bacardılar. Çanaqqala zəfərinin 100-cu ildönümünün qeyd olunduğu günlərdə yenə də düşmən qüvvələrin türk dünyasına qarşı təxribat xarakterli riyakar planlarının şahidi oluruq.

Lakin biz inanırıq ki, Türk tarixi Çanaqqala savaşında olduğu kimi müasir dünyada da ona qarşı baş verə biləcək təxribatlara qarşı mübarizədən də zəfərlə çıxacaq. Çünki, biz türklər şərəflə yaşamağı hər şeydən üstün tuturuq, zillətə baş əymək türkə yaddır deyirik!

Əziz dostlar, qardaşlar! Yeni zəfərlərə doğru irəlilədiyiniz bu çətin və müqəddəs yolda, yenə də biz sizinləyik, yanınızdayıq, sizinlə çiyin-çiyinəyik, 100 il əvvəl Çanaqqala zəfərində olduğu kimi.

Çanaqqala zəfərinin ildönümündə bu döyüşlərində şəhid olmuş insanların hamısına bir olan uca Tanrıdan rəhmət diləyir, ruhunuz şad olsun, qəbirləriniz nurla dolsun deyirik”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər