Səudiyyə Ərəbistanının Burayda şəhərində Əl-Qassim Universitetinin düşərgəsinə aid bina uçub.
ANS PRESS-in məlumatına görə, tikintisi hələ tam başa çatmamış binanın uçması nəticəsində azı 4 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Rəsmilər hadisə zamanı tikintidə azı 50 fəhlənin çalışdığını bildiriblər. Lakin onların vəziyyəti barədə hələlik heç bir məlumat əldə etmək mümkün olmayıb. Fəhlələrin dağıntıların altında qaldığı ehtimal edilir. Məlumata görə, fəhlələrin əksəriyyəti Pakistandan gələn miqrantlar olub.
Hazırda dağıntılar altında qalanların axtarış-xilasetmə əməliyyatları davam edir.
Binanın uçması ilə əlaqədar istintaq araşdırması başladılıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.