Vyanada səfərdə olan GUAM-ın baş katibi Valeri Çeçelaşvili aprelin 30-da ATƏT-in daimi şurasında çıxış edərkən təşkilata üzv dövlətlər arasında həyata keçirilən əməkdaşlıq haqqında məlumat verib. O, bu xüsusda GUAM azad ticarət zonası, nəqliyyat dəhlizlərinin inkişafı, terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə, enerji və turizm sahələrində həyata keçirilən sahəvi əməkdaşlıq layihələrindən bəhs edib.
Baş katib GUAM-a üzv ölkələrin ərazilərində onların suverenliyini və ərazi bütövlüyünü təhdid edən həll edilməmiş münaqişələrin mövcudluğuna diqqəti cəlb edib. O, GUAM dövlət başçılarının münaqişələrin nizamlanması məsələləri üzrə 2006-cı ildə qəbul etdikləri Birgə Bəyannaməyə istinad edərək quruma üzv ölkələrin münaqişələrin həllinin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında vacibliyi barəsində ortaq mövqeyə malik olduğunu vurğulayıb. V.Çeçelaşvili ATƏT iştirakçı dövlətlərinin GUAM-a üzv dövlətlərin münaqişələrin bu prinsiplər əsasında həll edilməsi istiqamətində səylərinə, o cümlədən BMT Baş Assambleyası çərçivəsində ortaq təşəbbüslərinə dəstək verməyə çağırıb.
GUAM-ın baş katibi çıxışında, həmçinin rəhbərlik etdiyi təşkilat ilə ATƏT arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq perspektivlərinin olduğunu bildirib və bu istiqamətdə bundan sonra da əməli işlər görüləcəyinə ümidvar olduğunu ifadə edib.