Amerika Psixoloqlar Assosiasiyası (APA) kiçik Corc Buş administrasiyası ilə gizli əməkdaşlıq edib.
Publika.az “The New York Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə müstəqil həkimlər və hüquq müdafiəçiləri qrupunun məruzəsində deyilir.
Məruzədə iddia edilir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) 11 sentyabr terror aktından sonra həyata keçirilən işgəncələr proqramına psixoloqları cəlb edib. Psixoloqların proqrama cəlb edilməsi işgəncələrə hüquqi və etik baxımdan bəraət qazandırmaq məqsədi daşıyıb.
APA-nın MKİ, o cümlədən Ağ Ev və Müdafiə Nazirliyinin nümayəndələri ilə gizli əməkdaşlığı 2004-cü ildə başlanıb. Həmin vaxt amerikalı hərbçilərin İraqdakı Əbu-Qreyb həbsxanasında saxlanılan məhbuslara verdiyi işgəncələrlə bağlı fotoşəkillər dərc edilib. İşgəncələr proqramı isə Vaşinqtonu təmizə çıxarmalı idi.
APA-nın işgəncələr proqramında iştirakı Ədliyyə Nazirliyinə iddia etməyə imkan verib ki, MKİ-nin dindirmə metodları qanunidir. Bildirilib ki, dindirmə zamanı məhbusların yanında dayanan psixoloqlar prosedurun təhlükəsizliyini izləyiblər. APA-dan isə MKİ ilə əməkdaşlığı təkzib ediblər.
Xatırladaq ki, 9 dekabr 2014-cü ildə ABŞ Senatının kəşfiyyat komitəsi işgəncələr haqqında 500 səhifəlik məruzəni dərc edib. Sənəd bütövlükdə 6 min səhifədən ibarətdir və onun hazırlanması üçün dörd il lazım olub. Burada prezident Corc Buş zamanında MKİ-də bir sıra sui-istifadə halları, o cümlədən işgəncələr, hakimiyyət və cəmiyyətə dezinformasiyaların ötürülməsi, həmçinin terrorizmdə şübhəli bilinən ən azı 26 nəfərin qanunsuz saxlanıldığı bildirilib.