Narkotik qaçaqmalçılığı, təcavüz və silahlı soyğun ittihamları ilə mühakimə edilmiş 5 məhbus Ərdəbil və Zəncan vilayətlərində asılaraq edam edilib.
Publika.az xəbər verir ki, bu barədə Ərdəbil Ədliyyəsinin veb səhifəsində məlumat verilib. Məlumata görə, Ərdəbilin mərkəzi zindanında asılan üç məhkum İnqilab Məhkəməsində heroin almaq, saxlamaq və daşımaq ittihamı ilə edama məhkum olmuşdu.
Ədliyyənin yaydığı məlumatda 3 məhbusun əfv tələbinin Əfv Komissiyası tərəfindən rədd edildiyi və hökmün İran Məhkəmə Hakimiyyəti sədrinin təsdiqindən sonra tətbiq edildiyini bildirib.
Mehr xəbər agentliyi Zəncan vilayətində edam edilən iki məhkumun silahlı soyğun və təcavüz ittihamı ilə mühakimə olunduğunu yazıb. Onlardan biri Zəncan şəhərinin mərkəzi zindanında, digəri isə Zəncan vilayətinin Əbhər şəhərində asılıb.