Azərbaycan hökuməti qədim İpək Yolunun bərpa edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Azərbaycan bu layihənin reallaşmasının təşəbbüskarı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın maliyyə naziri Samir Şərifov jurnalistlərə müsahibəsində deyib.
Nazir qeyd edib ki, Azərbaycanda müasir nəqliyyat infrastrukturu yaradılır, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun inkişaf etdirilməsi ilə bağlı Prezident İlham Əliyevin xüsusi təşəbbüsləri mövcuddur. Hesab edirik ki, bu layihənin həyata keçirilməsi bir çox dövlətlər üçün faydalı olacaq. Bu layihə bizim nəqliyyat tranzit potensialımızı xeyli yüksəldəcək, ölkəmiz üçün əlavə gəlir imkanları yaradacaq.
Çinin qədim İpək Yolunun bərpa edilməsində maraqlı olduğunu bildirən Samir Şərifov deyib: “Qədim İpək Yolu digər dövlətlərə, o cümlədən Çin Xalq Respublikasının şimal-qərb regionları üçün də nəqliyyat baxımından çox böyük imkanlar qazandıracaq. Belə ki, Çin məhsullarının Mərkəzi Asiya və Xəzər dənizindən, eləcə də Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə Avropa bazarlarına çıxarılması imkanı yaradılacaq. Bu baxımdan hesab edirik ki, Azərbaycanın atdığı addımlar bəhrəsini verməkdədir”.