ABŞ “Əl-Qaidə” lideri Üsamə bin Ladenin öldürülməsi mövzusunda ictimaiyyətə səhv məlumat verib.
Publika.az BBC Türkə istinadən xəbər verir ki, bu iddia ilə amerikalı jurnalist Seymour Herş İngiltərədə nəşr olunan “London Review of Books” jurnalının son sayındakı yazısında çıxış edib.
O, “Əl-Qaidə” liderinin öldürüldüyü 2011-ci ildə deyildiyi kimi qaçıb gizlənmədiyini, 2006-ci ildən bəri Pakistan kəşfiyyat xidmətinin əsiri olaraq bu ölkədə olduğunu yazıb. Amerikalı jurnalist adını açıqlamadığı yüksək səviyyəli ABŞ kəşfiyyat səlahiyyətlisinə istinadən yazıb ki, Pakistan kəşfiyyatının səlahiyyətlilərindən biri 25 milyon dollar qarşılığında “Əl-Qaidə” liderinin yerini ABŞ-a bildirib.
Seymour Herş “Əl-Qaidə” liderinin cənazəsinin dənizə atıldığı barədə iddiasının da doğru olmadığını bildirib. Onun sözlərinə görə, başından vurulan Ladenin bədənindən bəzi parçalar bir cəsəd torbasına qoyularaq Əfqanıstanın Cəlilabad şəhərinə uçan vertolyotdan Hindukuş dağlarına atılıb.