Dünyanın indiyədək keçirilmiş ən böyük məktəb reytinqində Asiya ölkələri ilk beşi yeri, Afrika ölkələri isə son pillələri bölüşüblər.
Cədvələ Sinqapur başçılıq edir, onun ardınca Honq Konq gəlir. Cədvəldə sonuncu ölkə isə Qanadır.
Böyük Britaniya 20-ci yerdə, yaxşı nailiyyətlər əldə etmiş Avropa ölkələrinin arasındadır. ABŞ 28-ci yeri tutub.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təhlil mərkəzi bildirib ki, cədvəl təhsillə iqtisadi artım arasındakı bağlılığı göstərib.
İndiyədək belə reytinqlər yalnız OECD-nin Pisa test proqramı ilə yalnız sənayeləşmiş ölkələr üçün keçirilib.
Hazırkı reytinq isə 76 ölkəni əhatə edir və buraya İran, Cənubi Afrika, Peru və Tayland kimi ölkələr daxildir. Cədvəl Birləşmiş Ştatlarda təhsilin Avropadan geridə olduğunu nümayiş etdirir.
Nəticələr gələn həftə Cənubi Koreyada keçiriləcək Dünya Təhsil Forumunda rəsmən açıqlanacaq. Bu forumda Birləşmiş Millətlər Təşkilatı qlobal təhsilin 2030-cu ilədək hədəflərini müzakirə edəcək.
OECD tərəfindən buraxılmış və Stanford Universitetindən Eric Hanushek və Münhen Universitetindən Ludger Woessmann tərəfindən yazılmış hesabatda deyilir ki, təhsilin yüksək göstəriciləri aid olduğu ölkənin uzun perspektivdə varlana biləcəyinin proqnozu ola bilər.