İyunun 7-də Türkiyədə növbəti parlament seçkiləri keçiriləcək.
Teleqraf.com xəbər verir ki, seçkilərdə 20-dən artıq siyasi partiya iştirak edəcək. On bir partiya isə seçkiyə qatılmamaq qərarı verib.
Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) növbəti dəfə üstünlüyü ələ alacağı gözlənilsə də, sürprizlər də istisna edilmir. Belə ki, AKP-nin 70-dən artıq hazırkı deputatı parlament seçkilərində iştirak edə bilməyəcək. Belə bir qərar partiyadan olan şəxsin 3 dəfədən artıq müddətə seçilməsi hüququnun olmamasına dair daxili nizamnamə tələbinə uyğun olaraq qurultayda qəbul edilib.
Türkiyə tarixində ilk dəfə olaraq partiyalar ölkədəki milli azlıqların təmsilçilərinin namizədliklərini də qabardır və onların səsini qazanmaq üçün siyasi gedişlər edirlər. Maraqlıdır ki, başda AKP olmaqla əksər partiyaların namizədlər siyahısında ermənilərin adı qabardılıb. Erməni namizədi olmayan yeganə partiya isə Milliyətçi Hərəkat Partiyasıdır.
Türkiyədə bəzi şəxslər seçkilərin saxtalaşdırılacağını iddia edirlər. Onlar internet üzərindən Türkiyə xalqına səslənərək, AKP-nin saxtakarlıq etməsinə yol verilməməyi xahiş edib. Onlar iddia edirlər ki, AKP-çilər 174 min seçki qutusunun hər birinə ən azı 20 saxta bülleten atacaqlar. Bu isə orta hesabla 3,4 milyon səs deməkdir.
Mərkəzi Seçki Komissiyasının sədri Sədi Güvən bununla bağlı iddialara cavab verib: "Seçicilər və namizədlər rahatlıqla səs verə bilərlər. Heç bir saxtakarlıqdan söhbət gedə bilməz. Biz bütün tənqidləri qəbul etməyə hazırıq. Hər bir nöqsanı aradan qaldıracağıq. Sistemə ediləcək hər hansı hücumları dəf edəcək qədər gücümüz var".
Onun sözlərinə görə, seçkidə saxtakarlıq etməyə çalışanlara qarşı müxtəlif cəzalar müəyyənləşdirilib: "Seçkidə səs verməyənlərə də pul cəzası tətbiq olunacaq. Pul cəriməsinin miqdarı Maliyyə Nazirliyində müəyyən olunacaq. Seçkilərdən səs qarşılığında mənfəət, qiymətli əşya, vəzifə və ya xidmət vəd edənlər və bunarı qəbul edənlər 3 ilə qədər həbs ilə cəzalandırılacaq. Seçicilərin seçki məntəqəsinə gəlməsinə maneə törədənlər 1 ildən 4 ilə qədər həbs olunacaq. Səsvermə zamanı səsvermə blankını oğurlayan və ya dəyişdirənə isə 5 il həbs cəzası veriləcək".
Seçkiləri beynəlxalq müşahidəçilər izləyəcək. Azərbaycan nümayəndə heyəti də seçkiləri müşahidə etmək üçün Türkiyəyə gedəcək. Azərbaycan Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, qurum 2 əməkdaşını Türkiyəyə ezam edəcək.
Samir