4 İyun 2015 15:07
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qabil Hüseynli: "Rusiya Suriya siyasətinə dəyişiklik edib"

Rusiya Suriya ilə bağlı siyasətini dəyişməyə qərar verib. 2011-ci ildə Suriyada başlayan müharibədə Bəşər Əsədin ən yaxın tərəfdarlarından olan və Dəməşq əleyhinə qərarlara veto qoyaraq, öz dəstəyini ifadə edən Kreml Yaxın Şərqdəki nüfuzunu tədricən itirməkdədir. İlkin məlumatlara görə, dörd illik vətəndaş müharibəsi zamanı Əsəd ordusuna yardım edən Moskva Dəməşqə göndərilən 100 hərbi müşavir və onun ailələrini təyyarə ilə Moskvaya qaytarıb. Məlumatda həmçinin Putinin Dəməşqdəki səfirlik əməkdaşlarının bir qismini də Moskvaya çağırdığı bildirilib.

Ekspertlər Rusiyanın bu addımını Qərblə aparılan "bazarlıq" kimi qiymətləndirirlər. Razılaşmaya görə, Rusiya Suriyaya dəstək verməkdən imtina edir, əvəzində Qərb Krım məsələsinə görə Moskvaya təzyiqləri yumuşaldır. Bu arada Suriya prezidenti Bəşər Əsəd İŞİD və digər silahlı birləşmələrin fəallaşması fonunda Rusiya və İrandan dəstək istəyib.

Politoloq Qabil Hüseynli hesab edir ki, ABŞ Əsədlə bağlı prosesin uzanmasından narahatdır: "Əsədin uzun müddət hakimiyyətdə qalması, müxalifətin qələbə qazana bilməməsinə görə Obama administrasiyasına ciddi qınaqlar, təzyiqlər var. Bu, həm də ABŞ-ın supergüc olması barədə təsəvvürlərə zərbədir. Ona görə də, ABŞ bu məsələdə daha qətiyyətli addımlar atmağa məcburdur".

Q.Hüseynliyə görə, Rusiyanın Suriya məsələsində geri çəkilməsinin digər səbəbi bu ölkəyə qarşı Qərbin artan sanksiyalarıdır: "Rusiya artıq bu sanksiyalar qarşısında duruş gətirə bilmir. Moskva öz-özünü müdafiə etməkdə çətinlik çəkir, o ki qalsın Suriyanı qorusun. Bir neçə gün öncə ABŞ və Çin Şimali Koreyaya qarşı sanksiyaları gücləndirmək barədə qərar qəbul ediblər. Bu artıq Rusiyaya qarşı güclü koalisiyanın yaradılması deməkdir. ABŞ-Çin anlaşması gələcəkdə müttəfiqlik səviyyəsinə qalxsa, Rusiyanın durumu daha da pisləşəcək.

Nəzərə almaq lazımdır ki, Rusiyanın Suriya məsələsində siyasətinə dəyişiklik etməsini Ərdoğan da Putindən xahiş etmişdi. Əsəd rejiminin dəyişməsində maraqlı olan ölkələrdən, mən deyərdim ki, birincisi, Türkiyədir. Putin Türkiyə səfərində Suriyada təhlükəsizliyin, sülhün bərqərar olmasında Türkiyə ilə birgə əməkdaşlıq edəcəyinə eyhamlar vurdu. Düşünürəm ki, Rusiyaya artan təzyiqlər, sanksiyalar bu ölkənin dünya və regiondakı ağalığını tam aradan qaldıracaq. Hətta Rusiyanın özünün parçalanması təhlükəsi yaranacaq. Beynəlxalq siyasi araşdırmalar mərkəzləri Rusiyanın gələcəyilə bağlı o qədər də optimist iddialar irəli sürmürlər. Vəziyyət olduqca, kritikdir. Biz yaxın müddətdə həm Əsəd Suriyası, həm də onu dəstəkləyən qüvvələrlə bağlı sərt addımların atılacağının şahidi olacağıq".

Ayxan


Müəllif:

Oxşar xəbərlər