11 İyun 2015 22:16
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin nüfuzlu “Hürriyet” qəzetində Almaniyada eynicinsli şəxslərin evliliyi məsələsi ilə bağlı Əhməd Külahçının məqaləsi dərc edilib.

Müəllif Almaniyanın dünyanın ən inkişaf etmiş, zəngin və müasir ölkələrindən biri olmasına baxmayaraq, tarixən burada bir sıra sosial məsələlərin həllinə dünyanın digər dövlətlərindən gec başlandığını diqqətə çatdırıb. Gender bərabərliyini buna nümunə kimi göstərən Ə.Külahçı bildirib ki, qadınlara səsvermə hüququ Yeni Zelandiyada 1893-cü, Avstraliyada 1902-ci, Finlandiyada 1906-cı, Norveçdə 1913-cü, Azərbaycanda 1918-ci ildə verildiyi halda, bu proses Almaniyada 1919-cu ildə başlayıb. Yəni, azərbaycanlı qadınlar bu hüququ alman həmcinslərindən xeyli əvvəl əldə ediblər. Almaniyada Hitler hakimiyyətə gəldikdən sonra - 1933-cü ildə qadınlar səsvermə hüququndan məhrum edilib. Qadınlara qarşı bu haqsızlığa yalnız 1949-cu il mayın 23–də son qoyulub.

Müəllif vurğulayır ki, Almaniya Konstitusiyasının 3-cü maddəsində “Bütün insanlar qanun qarşısında bərabərdir. Kişilər və qadınlar bərabər hüquqlara malikdirlər” müddəası yer alsa da, bu bərabərliyin təmin olunması bəzi sahələrdə illərlə vaxt aparıb. Məsələn, qadınların işləməsi üçün həyat yoldaşlarının icazəsi lazım idi. Yəni, ailədə kişi razı deyilsə, qadın iş tapsa belə, işləyə bilməzdi. Bu məhdudiyyət bir çox illər sonra - 1977-ci ildə aradan qaldırıldı.

Yazıda qeyd edilib ki, Bavariyada qadın müəllimələr də rahibələr kimi ailə qura bilməzdilər. Çünki belə qəbul olunurdu ki, qadının yeri ailəsidir və onlar başqalarının deyil, yalnız öz övladlarının tərbiyəsi ilə məşğul olmalıdırlar. Buna görə də ailə qurmaq istəyən qadınlar işdən qovulurdu. Almaniyada 1962-ci ilədək qadınların ərlərinin icazəsi olmadan bankda hesab açdırmaq hüquqları da yox idi. İşləyən qadınların məvacibləri həyat yoldaşlarının bank hesablarına köçürülürdü. Bu ölkədə 1969-cu ilədək qadınların ticarətlə məşğul olmalarına da icazə verilmirdi.

Belə faktların siyahısını uzada biləcəyini vurğulayan Ə.Külahçı Almaniyada həmcinslərin evliliyi ilə bağlı son vaxtlar başlayan mübahisələrə də münasibət bildirərək yazır: “Qatı bir katolik cəmiyyət olan irlandiyalıların eynicinsli insanların evlənməsinə icazə verməsindən sonra Almaniyada da buna bənzər müzakirələr, belə demək mümkünsə, qovğaya çevrilib. Başda müxalifətin kiçik qanadını təmsil edən “Yaşıllar” və sol partiyaları olmaqla, hökumət koalisiyasının ortağı Sosial Demokrat Partiyasından bəzi deputatların ölkədə həmcinslərin evlənməsinə hüquqi yolun açılmasını tələb edirlər. Hətta Baş nazir Angela Merkelin sədri olduğu Xristian Demokratlar İttifaqından bir sıra deputatlar da bu fikrə müsbət yanaşdıqlarını açıqlayıblar. Amma Angela Merkel partiyasının mühafizəkar seçici kütləsini nəzərə alaraq buna qarşı çıxır. Hazırda Almaniyada eynicinsli ailələr evlilik haqqında şəhadətnamə ala bilməsələr də, birgə yaşadıqlarını nikah dairələrində qeydiyyata aldıra bilirlər. Halbuki illər əvvəl “Mən cinsi azlıq nümayəndəsiyəm və bundan məmnunam” deyən Berlin əyalətinin sabiq Baş naziri Klaus Vovereyt və Almaniyanın sabiq xarici işlər naziri Quido Vestervelle də eyni cinsdən olan “sevgili”ləri ilə nikah dairələrində qeydiyyatdan keçiblər. Avropanın Hollandiya, Belçika, İspaniya, Portuqaliya, Norveç, İsveç, Danimarka və digər ölkələrində eynicinslilərin evliliyinə çoxdan icazə verilib. Şübhəsiz ki, eynicinslilərin evliliyinə Almaniyada da icazə veriləcək, amma bu, digər sahələrdə olduğu kimi, vaxtından çox gec və sıxıntılı olacaq”.


Müəllif:

Oxşar xəbərlər