25 İyun 2015 20:15
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boris Nemtsovun qətli ilə bağlı istintaq çərçivəsində cümə axşamı şahidlərdən biri Rusiya İstintaq Komitəsində Ramzan Kadırovun 13 il bundan qabaq Nemtsova qarşı təhdidindən danışıb.

Şahid qismində dindirilən jurnalist və ictimai xadim Aleksandr Rıklin deyib ki, Ramzan Kadırov 2002-ci ilin dekabrında Gudermesdə keçirilən Çeçen xalqının qurultayında Nemtsovu təhdid etmişdi.

BBC ilə söhbətində vəkil Vadim Proxorov deyib ki, o vaxt Sağçı Qüvvələr Birliyinin parlament fraksiyasının rəhbəri olan Nemtsov Gudermesdə iki dəfə təhdidlə üzləşmişdi. Bu təhdidlər onun Rusiyanın siyasi quruluşuna həsr olunmuş çıxışı ilə əlaqəli idi.

Birinci dəfə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin zabiti vəsiqəsini təqdim edən bir nəfər Nemtsova zalda yaxınlaşıb və ona deyib ki, belə çıxışlara görə o güllələnməlidir. Boris Nemtsov 2007-ci ildə bu epizod barədə özünün «Üsyançının hekayəti» kitabında yazmışdı.

Sonradan Nemtsova deyiblər ki, bu adam Ramzan Kadırov idi. Proxorov və Rıklinin dediklərinə görə, bunun davamı olaraq Kadırov Nemtsovu küçədə şahidlərin gözü qarşısında da təhdid etmişdi.

Proxorov bildirib ki, bu təhdidləri Nemtsovdan başqa Ramzan Kadırovun atası, Çeçenistanın o vaxtkı rəhbəri Axmad-hacı Kadırov da ciddi qəbul edib və Nemtsova İnquşetiya sərhədinə qədər getmək üçün gözətçilər verib.

Nemtsovun qohumları tələb edir ki, Ramzan Kadırov bu istintaq çərçivəsində dindirilsin. Kadırov özü isə şahid qismində çıxış etməyə hazır olduğunu bəyan etmişdi.

"Onlar deyirlər ki, guya Kadırov Nemtsova nə vaxtsa nəsə deyib, mən isə bunu xatırlamıram. Sadəcə, Nemtsov, başqaları, həmin o beşinci kolon, onlar yaddan çıxanda o saat məni yada salırlar, ona görə ki, Rusiyanın müəyyən əhalisi məndən danışsın, onlar üzdə olmaq üçün", "Danışır Moskva" radiostansiyasının efirində Kadırov belə deyib.

Boris Nemtsov fevral ayının 27-dən 28-ə keçən gecə Kreml divarları altında yerləşən Böyük Moskvaretsk körpüsündə kürəyindən aldığı dörd güllə ilə öldürülmüşdü.


Müəllif: