İnsanlara daha çox ev işlərində kömək edə biləcək robotlar hər bir evdə arzulanan texnikadır. Lakin bu meyil, deyəsən, dəyişmək üzrədir. Artıq insanlar müsahibi ilə həmsöhbət olacaq, intellektual sualları cavablandıra biləcək robotlara üstünlük verməyə başlayıblar. Bunu Yaponiyada ilk 1000 insanabənzər robotun bir dəqiqədə satılması faktı göstərir.
“Pepper” – insanlarla birgə yaşamaq üçün nəzərdə tutulmuş ilk insanabənzər robotdur. O nə ev işlərində təmizlik ilə məşğul olur, nə yemək hazırlayır, nə də ki bu kimi başqa bacarıqlara malik deyil. Əvəzində “Pepper” - sizinlə söhbət edə, emosiyalarınızı tanıya və ona reaksiya verə bilən, hərəkət edən və sizinlə birgə yaşaya biləcək sosial robotdur.
Fevral ayında 300 robotun sınaq satışlarında bu robotları əldə etmək istəyənlərin sayı o qədər çox olub ki, şirkət xoşbəxt alıcıları püşkatma yolu ilə seçmək məcburiyyətində qalıb.
“Pepper”in qiyməti təxminən 1600 ABŞ dollarıdır. “Softbank” hər ay 1000 robotun satışını təşkil etmək niyyətindədir.