29 İyun 2015 16:33
1 266
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elektrik enerjisinin bahalaşmasına etiraz olaraq Ermənistanda aksiyalar davam etməkdədir. Hakimiyyət artıq bu narazılığın qarşısını almaqda gücsüzlük nümayiş etdirir. Teleqraf.com Ermənistandakı gərginlik və onun doğura biləcəyi nəticələr barədə politoloq Fikrət Sadıqovun fikirlərini öyrənib. Onunla müsahibəni təqdim edirik:

- Fikrət müəllim, artıq bir həftəyə yaxındır ki, Ermənistanda aksiyalar keçirilir. Ermənistan siyasətini yaxından tədqiq edən şəxs kimi İrəvanda baş verən proseslərə münasibətiniz maraqlı olardı.
- Ermənistanda sosial narazılıqların etiraz aksiyaları səviyyəsinə qalxacağı gözlənilən idi. Əhalinin böyük hissəsinin dolanışığı aşağıdır. Belə bir məqamda enerji daşıyıcılarının qiymətlərinin artırılması haqlı etirazlara səbəb oldu. Bu narazılıq hazırda hakimiyyət-xalq münasibətlərində gərginlik yaradıb və bunun geriyədönüşü mümkünsüz ola bilər. Eyni zamanda Ermənistanda müxalifətlə hakimiyyət arasında da dərin uçurum var. Müxalifət istənilən fürsətdən istifadə edib Sərkisyan hakimiyyətini devirmək istəyir. Proseslərin xaricdən idarə olunduğunu istisna etmirəm. Gerçəklik odur ki, Ermənistan cəmiyyəti hakimiyyətin bu siyasətindən doyub, bezib. Sərkisyan hakimiyyəti heç bir problemi həll edə bilmir. Nə Dağlıq Qarabağ münaqişəsi həllini tapır, nə sosial durum düzəlir, nə də siyasi islahatlar aparılır. Ermənistan cəmiyyəti hər an Azərbaycan ordusunun öz torpaqlarını işğaldan azad etmək üçün hərbi əməliyyatara başlayacağını gözləyir. Bu narahatlıq çox əsaslıdır. Münaqişənin həll olunmaması çox təsirlidir. Ermənistanda keçirilən aksiyalar dağıdılsa da, bunun ardıcıllığının qarşısını almaq mümkün olmayacaq. Narazılıq ölkənin bir sıra əyalətlərinə yayılacaq və hökumətin nəzarətindən çıxacaq. Şəxsən mən Ermənistanın gələcəyini çox qaranlıq görürəm.

- Sosial narazılıqlar gələcəkdə siyasi şüarların səslənməsinə səbəb ola bilərmi?
- Əlbəttə, Sərkisyan hakimiyyətinin dayaqları artıq laxlayır, cəmiyyətə nəzarət edə bilmir. Hazırda İrəvanda baş verənlər bunun bariz nümunəsidir. Düşünürəm ki, yaxın gələcəkdə Sərkisyan hakimiyyəti tarixin arxivinə gömüləcək. Çünki onun getməsini təkcə xalq deyil, ciddi siyasi qüvvələr və imkanlı biznesmenlər də istəyirlər. Yəqin ki, biz yaxın vaxtlarda Ermənistanda maraqlı proseslərin şahidi olacağıq.

- Sanki Ermənistan hakimiyyəti aksiyanın dağıdılmasında acizlik nümayiş etdirir...
- Mən belə deməzdim. Çünki ilk gündən biz aksiya iştirakçılarına qarşı zorakılığın şahidi olduq. Mitinq təzyiqli su ilə dağıdılırdı, polis, maskalı şəxslər dinc insanları döyürdülər, onlarla insan həbs olunub, yaralananlar var və s. Amma sonradan gördülər ki, zor tətbiq etsələr, özlərinin vəziyyəti pis olacaq. Axı xalqı susdurmaq olmaz. Belə həssas məsələlərdə xırda bir səhv Sərkisyan hakimiyyətinə baha başa gələcək. Güc tətbiq etmək nəticə vermədi. İndi hakimiyyət çalışır ki, hansısa yolla narazılığı sakitləşdirsin. Elektrik enerjisi borclarını hakimiyyət özü ödəmək niyyətindədir. Başqa yollar axtarılır. Amma bütün bu yollar Ermənistanı böhrandan çıxara bilməyəcək, çünki ölkədə pul yoxdur, sosial narazılıqlar pik həddə çatıb.

- Necə düşünürsüz, Ermənistandakı aksiyaların arxasında Qərbin rolu varmı? Bu ölkədə Ukraynadakı hadisələr təkrarlana bilərmi?
- Ermənistandakı proseslər Ukraynadakı məlum hadisələri xatırladır. Maydan hərəkatı ilə oxşarlıqlar var, amma kökləri, səbəblər müxtəlifdir. Ukraynadakı Maydan hərəkatı birmənalı şəkildə Qərbyönümlü qüvvələr tərəfindən idarə olunurdu. Etirazçıların tələbi aydın idi. Avropa Birliyininin Asossiativ Sazişinə üzv olmaq və s. Ermənistanda isə Sərkisyanı Avropa Birliyinə yaxın olmamaqda deyil, heç bir problemi həll edə bilməməkdə ittiham edirlər. Sərkisyana qarşı nifrət onun Qərbə münasibətindən qaynaqlanmır. Ermənistanda cəmiyyət Rusiyayönümlüdür. Amma Ukraynada bu belə deyil. Rusiya əlindən gələni edəcək ki, Ermənistan forpost olaraq qalsın. İndiki geiosiyasi durumda bunu təmin etmək çox çətin olacaq. Çünki Rusiyanın özünün problemləri kifayət qədərdir. Ermənistanın Rusiyanın caynağından çıxarılması, ikincinin tamamilə zəifləməsi anlamına gələcək. Ermənistan kimi bir ölkəni nəzarətdə saxlaya bilməyən bir ölkənin gücündən danışmaq gülünc olardı. Düşünürəm ki, İrəvandakı aksiyalar bütün mənalarda Sərkisyan hakimiyyəti üşün çətin olacaq.

Ruslan XƏLİL


Müəllif:

Oxşar xəbərlər