Suriyada qanlı toqquşmalar davam edir. “Əl-Ərəbiyə” telekanalı xəbər verir ki, Homs şəhərində törədilən partlayış nəticəsində Azad Suriya ordusunun 40 - a yaxın döyüşçüsü həlak olub. Məlumatda o cümlədən öldürülən şəxslər arasında komandirlərin də olduğu bildirilir.
Terror aktı Homs şəhərində yerləşən bazarların birində, avtomobildə quraşdırılan partlayıcı qurğunun işə düşməsi nəticəsində törədilib.
Suriya ordusu ölkənin şimalında yerləşən Rakka şəhərində müxalifətçilərə qarşı əməliyyat keçirib. Qırıcı təyyarələr vasitəsilə həyata keçirilən hücum nəticəsində ilkin məlumatlara görə ən azı 16 nəfər öldürülüb. Hava hücumu nəticəsində onlarla insanın yaralandığı da bildirilir. Yaralanan şəxslərdən bəzilərinin vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.
İordaniyada isə suriyalı qaçqınlarla bu ölkənin hüquq - mühafizə orqanları əməkdaşları arasında qarşıdurma baş verib. Belə ki, tərəflər arasında baş verən toqquşma zamanı bir suriyalı ölüb, daha 30 nəfər isə yaralanıb. Hadisə İordaniyanın şimalında yerləşən 75000-100000 suriyalının qaldığı Zaatri düşərgəsində baş verib.
Bu arada Livanın “Hizbullah” şiə hərəkatının lideri Həsən Nəsrullah bildirib ki, Suriya rejimi üçün artıq heç bir təhlükə qalmayıb: “Suriya rejiminin devrilməsi üçün təhlükə artıq yoxdur, Suriyanın bölünməsi təhlükəsi də artıq ardan qalxıb”. Hizbullah” lideri o cümlədən vurğulayıb ki, Suriyadakı böhranın hərbi yolla həll olunması variantı iflasa uğrayıb və dünya ölkələrinin əksəriyyəti onun sülh yolu ilə həll olunmasına dəstək verirlər.
Nəsrullah hesab edir ki, Suriya münaqişəsinin həll olunması üzrə növbəti mərhələdə Rusiyanın mövqeyi möhkəmlənəcək.
Qeyd edək ki, Suriya vətəndaş müharibəsi 2011-ci ilin mart ayında başlayıb. Prezident Bəşər Əsədin tərəfdarları və əleyhdarları arasında davam edən silahlı qarşıdurma 130 mindən çox insanın həyatına son qoyub, təxminən 2,3 milyon suriyalı isə ölkəni tərk etmək məcburiyyətində qalıb.