İngiltərənin Suffolk qraflığında ABŞ hərbi bazasının yaxınlığında guya UNO enişi barədə xəbərləri təsdiqləyən "yeni məlumatlar" peyda olub. Bu barədə hərbi baza rəisinin keçmiş müavini Charles Halt bildirib.
BBC-ə müsahibəsində, o, naməlum obyektləri Rendlesham meşəsində 1980-ci ilin dekabrında gördüyünü deyib. Charles Halt-ın təbirincə, Kral Hərbi Hava Qüvvələri (RAF) radiolokasiya stansiyası operatorları UNO-nu gördüklərini təsdiqləyiblər. O, əlavə edib ki, UNO-nu bazanın keşikçiləri də görüb.
75 yaşlı istefada olan zabit hazırda ABŞ-ın Virginia ştatında yaşayır.
Onun sözlərinə görə, bəzi hərbçilər təqaüdə çıxana qədər bildiklərilə bölüşmək istəməyib, lakin indi onlar yazılı ifadələr veriblər. Britaniya Müdafiə Nazirliyi BBC-ə UNO xəbərlərilə daha məşğul olmadığını bildirib. Rendlesham UNO hadisəsinin əsas məqamları:
1980-ci ilin dekabrın 26-da işıq saçan qəribə obyektləri ilk olaraq ABŞ hərbi bazasının mühafizəçiləri John Burroughs və Jim Penniston görüblər.
Halt onların ifadələrini diktofona yazıb.
Bentwaters aviabazasından ABŞ hərbiçiləri 1993-cü ilə qədər istifadə ediblər.
Qeydə alınmış mənzərənin yaranmasının mümkün səbəbləri arasında hərbi sınaqlar, Apollo kosmik apparatı maketinin vertolyotla daşınması, məşəl işığı və hərbi pilotların zarafatı kimi amillər qeyd olunub. 1983-cü ildə "News of the World" qəzeti belə bir başlıqla məqalə dərc etmişdi: "UNO Suffolk-a enib. Bu, rəsmidir".
Halt bildirib ki, radiolokasiya stansiyasının operatorları həmin naməlum obyektin 96 km məsafəni 2-3 saniyəyə keçdiyini gözlərilə gördükləri barədə ifadələr veriblər. UNO barədə xəbərləri araşdıran ekspert John Hanson bildirib ki, Haltın sözlərinə inanmaq olar. "Həqiqəti isə gizlətməyə çalışırlar", John Hanson bildirib.