3 Avqust 2015 20:32
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviçi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

QMİ-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə səfir N. Patskeviç Azərbaycanda diplomatik xidmətdə olduğu 9 ili ömrünün dəyərli illəri kimi qiymətləndirdiyini bildirib.

Bu illər ərzində Azərbaycan xalqı və dövlətinin əldə etdiyi tərəqqi və nailiyyətlərin şahidi olmaqdan məmnunluğunu bildirən səfir, Azərbaycan və Belarus xalqları arasında tarixi dostluq və qardaşlıq, bütün sahələrdə səmərəli əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi üçün əlindən gələni əsirgəmədiyini diqqətə çatdırıb.

Azərbaycanın müdrik dövlət başçısı ilə ünsiyyətlərini rəğbətlə xatırlayan səfir N. Patskeviç, ölkəmizin uğurlarının təməlində Prezident İlham Əliyevin möhkəm iradə və ardıcıl səylərinin durduğunu qeyd edib. Müxtəlif dini və etnik mənsubiyyətə malik insanların real tolerantlıq və əsl multikultural həyat tərzinə heyran olduğunu bildirən N. Patskeviç, vətəni Belarusla Azərbaycan arasında bu baxımdan oxşarlıqlardan böyük rəgbət duyduğunu bildirib.

Səfir, Azərbaycan xalqının, Qafqazın nüfuzlu şəxsiyyəti kimi səciyyələndirdiyi Şeyxülislam Allahşükür Paşazadə ilə səmimi görüş və söhbətlərini, onun xeyir-dualarını heç zaman unutmayacağını xüsusi vurğulayıb.

O bildirib ki, beynəlxalq miqyasda dinlərarası dialoq işinə böyük töhfələr verən QMİ sədri Azərbaycan və Belarus arasında dini-mənəvi əlaqələrin inkişafı üçün dəyərli səylər göstərib, dəfələrlə Belarusu ziyarət edərək, mötəbər beynəlxalq tədbirlərdə iştirak edib. A. Paşazadənin Belarusun fəxri Mitropoliti Filaret həzrətləri ilə uzun illər ərzində qardaşlıq və əməkdaşlığının böyük dəyər kəsb etdiyini bildirən səfir, bu əlaqələrin bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.

Belarusun duayen səfirinə Azərbaycan və Belarus xalqları, dövlətləri arasında bütün müstəvilərdə əlaqələrin inkişafı istiqamətində göstərdiyi xidmətlərə görə dərin təşəkkürünü bildirən şeyxülislam N. Patskeviçə gələcək fəaliyyətində də uğurlar diləyib.

Görüşün sonunda səfirə xatirə hədiyyələri təqdim olunub.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər