5 Avqust 2015 19:00
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Beijing University of Chemical Technology”nun professoru Vilyam Engdahl “Dərin tarix” jurnalının avqust nömrəsində maraqlı bir yazı ilə çıxış edib.

Publika.az xəbər verir ki, “İngilislərin neft oyunu Osmanlını necə yıxmışdı?” başlıqlı yazıda maraqlı detallara toxunulub.


1873-cü ildə İngiltərə tarixində “Böyük böhran” adlandırılan ciddi iqtisadi böhran baş verdi. 1896-cı ilə qədər davam edən böhran İngiltərənin dünya bazarında rəqabət qabiliyyətini azaltdı, dünyanın ən böyük iqtisadi gücü adını itirməyə başladı. Texnologiyadakı inqilab kömürdən neftə keçdi. 1890-cı illərdən sonra neft axtarışları İngiltərə üçün ən əhəmiyyətli məsələyə çevrildi. Neft üzərindəki qlobal döyüş günbəgün yaxınlaşırdı.

Bu illərdə Osmanlı sultanı II Əbdülhəmid almanların ölkəsinə olan marağını cavabsız qoymadı və ingilislərin neft oyununa almanlarla cavab vermək istədi. Bağdada çəkiləcək dəmir yolu xətti buna görə də əhəmiyyət qazanmağa başladı. Dəmir yolunu çəkəcək ölkə neft axtarışlarında da imtiyaz əldə edəcəkdi. Almanlar bu imtiyazı əldə edərək qalib kimi göründülər.

1909-cu ildə londonlu bankir Ernest Kassel tərəfindən Türkiyə Milli Bankı qurulur. Kasselin ortaqlarından biri isə erməni əslli milyonçu Kalust Gülbenkyan adında sirli bir adam idi. Türkiyə Milli Bankında dövlət adına heç bir üzv yox idi. Bankın İdarə Heyətində London bankından Huqo Barinq, Dük Kramer və baronlar Asburton, Nortbrook və Revelston yer alırdı.

Bu dövrdə lord Kramer İngiltərə bankının da rəhbərliyində idi. İstanbuldakı bu elit ingilis o zamanlar Türkiyə Neft Şirkətini (Turkish Petroleum) qurur. İngilislərin Türkiyə Milli Bankındakı ortaqlarından olan Gülbenkyan şirkətdə də əhəmiyyətli paya sahib idi.

Şirkətin yaradılmasında əsas məqsəd sultandan Mesopotamiyadakı neft imtiyazları qoparmaq idi. Bundan başqa, İngiltərə-Bəsrə Neft Şirkəti adında ikinci bir ingilis şirkəti də Bəsrə nefti üzərində haqların əldə edilməsi üçün məşğul olurdu. II Əbdülhəmiddən neft axtarışları ilə bağlı imtiyaz alan yeganə oyunçu isə Almaniyanın “Deutsche Bank”ına aid Bağdad Dəmiryolu Şirkəti idi. İngilislər isə bu vəziyyəti dəyişdirməyə yaxın idi.

İngiltərənin təzyiqləri nəticəsində alman şirkəti bir sıra güzəştlər verməyə məcbur oldu. 1914-cü ilin əvvəllərində - müharibənin başlanmasından əvvəl ingilis və alman hökumətlərindən dəstək alan Türkiyə Neft Şirkətinin strukturu yenidən formalaşdırılır. Şirkətin səhmlərinin yarısı gizlicə İngiltərə hökuməti tərəfindən nəzarət edilən İngilis-Bəsrə Neft Şirkətinə, 25 faizi İngiltərə və Hollandiya ortaq şirkəti olan “Shell”ə verilir. Qalan 25 faizlik hissəyə isə “Deutsche Bank” qrupu tərəfindən nəzarət edilirdi.

“Deutsche Bank” Bağdad dəmir yolunun hər iki tərəfindəki bölgədə aparılacaq neft axtarışlarında imtiyaza sahib olan yeganə tərəf idi. Nəhayət, “Shell” və İngilis-Bəsrə Neft Şirkəti bir müqavilə bağlayaraq, Gülbenkyana öz hissələrindən 2,5 faizlik pay verməyi qəbul edir. Beləliklə, Gülbenkyanın hissəsi 5 faizə çatır.

Müharibənin başlanmasından bir neçə gün əvvəl İngiltərə hökuməti İngilis-Bəsrə Neft Şirkətinin hissələrinin çoxunu gizlicə alır və beləliklə, “Deutsche Bank”ın Türkiyə Neft Şirkətindəki hissələrinin əksəriyyətini də ələ keçirmiş olur.

İngiltərənin 1914-cü ildə müharibəyə girməsinin arxasındakı əsas səbəb “Deutsche Bank”ından Karl Helfferiç tərəfindən bu sözlərlə açıqlanırdı: "İngiltərənin müharibəyə girməsinin təməl səbəbi köklü ingilis siyasəti ənənəsidir. İngiltərə bu siyasət sayəsində böyük bir gücə çevrilib”.

Əslinə baxsaq, Birinci Dünya Müharibəsinin ən əhəmiyyətli səbəblərindən biri neft bölgələrinin paylaşılması idi. Bu bölgələrin paylaşılmasında isə ingilislərin düşüncələrində Osmanlıya yer yox idi.


Müəllif:

Oxşar xəbərlər