"ABŞ artıq 5-ci ildir ki, Yaxın Şərqdə suriyalı üsyançılara təlim keçir və Türkiyəni İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə müharibəyə qatmağa çalışır".
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bu fikri Çexiyanın analitiklərindən olan Tereza Spentserova dilə gətirib.
Onun sözlərinə görə, Vaşinqton fiaskoya uğrayıb: "Milyonlarla dollar itirdikdən sonra Pentaqon Suriyada "Yeni Suriya Ordusu" yaratmağa nail oldu. Ancaq bir müddət sonra bu ordu da "Əl-Qaidə" terror təşkilatının qolu olan "Əl Nusra" Cəbhəsinin tərəfinə keçdi. Türkiyə və ABŞ-ın prioritetləri isə müxtəlifdir: Ankara üçün əsas problem regionda kürdlərin fəallaşmasıdır. Amerikalılar isə kürdləri regionda özlərinə müttəfiq hesab edirlər".
Hazırda əsas diqqət Qətərdə keçirilən ABŞ, Rusiya və Səudiyyə Ərəbistanı nazirlərinin görüşündən sonrakı vəziyyətin hansı istiqamətdə inkişafına yönəlib. Səudiyyəli nazirin bir neçə gündən sonra Moskvaya səfəri bəzi suallara aydınlıq gətirir. Rusiyalı analitiklər yeni Ər-Riyad planı haqqında müzakirələr aparmaq niyyətindədir.
Bəzi ekspertlərin fikrincə, Rusiya Səudiyyə Ərəbistanını öz fikirlərinə inandırmağı bacarıb. Rusiyalı diplomatlar düşünür ki, regionda təhlükəsizliyi təmin etmək üçün qonşu dövlətlər birləşməlidir. Bunun üçün də Səudiyyə Ərəbistanı, Misir və Rusiya yeni üçlük koalisiyası yaratmağa hazırlaşır. Bu məlumatı İranın "Fars" agentliyi də təsdiq edib. Koalisiyanın ilk hədəfi Suriya hökumətində olan və terrorçuluğa, eləcə də İŞİD-ə dəstək verən şəxslərin idarəçilikdən uzaqlaşdırılması olacaq.
Çexiyalı analitik hesab edir ki, bununla da Rusiya və Səudiyyə Ərəbistanı Yaxın Şərqdə ABŞ-ı məğlub edir və regionda təhlükəsizliyə nail olur.
Samir