ABŞ-ın Missuri ştatının Ferquson şəhərində fövqəladə vəziyyət elan edilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı şəhər nümayəndəsi Stiv Stenger açıqlama yayıb. Onun sözlərinə görə, Ferqusonda silahsız qaradərili yeniyetmənin polis tərəfindən öldürülməsinin birinci ildönümünə həsr olunmuş etiraz aksiyası zamanı 50 nəfər həbs edilib. Yayılan məlumatlarda bildirilir ki, həbs olunanlar arasında 12 yaşlı qız uşağı və məhşur qaradərili politoloq Kornel Vest də var.
Polisdən verilən məlumata görə, etirazçılar şəhər məhkəməsinin binasına girməyə cəhd ediblər. Bu zaman təhlükəsizlik işçiləri ilə nümayişçilər arasında qarşıdurma yaşanıb. Etirazçı kütləni dağıtmaq üçün polis güc tətbiq edib.
Bu arada, Ferqusonda dünən gecə keçirilən aksiyalarda 18 yaşlı qaradərili Tiron Harris polis tərəfindən güllələnib. O, yaralı halda xəstəxanaya çatdırılıb. Harrisin yoldaşları ilə birlikdə polis maşınına hücum edərək, 4 təhlükəsizlik işçisinə atəş açdığı bildirilib.
Qeyd edək ki, 2014-cü il avqustun 9-da Ferquson şəhərində 18 yaşlı qaradərili yeniyetmə Mixael Brounun ağdərili polis zabiti Darren Uilson tərəfindən güllələnərək öldürülüb. Hadisə ölkə daxilində son illərin ən geniş etiraz aksiyalarına səbəb olub.
Samir