Suriyanın Zabadani qəsəbəsi və İdlib vilayətinin iki kəndində “Hizbullah” və ordu ilə müxalifət gücləri arasında atəşkəs razılaşması əldə edilib.
Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, 48 saatlıq atəşkəs razılaşması Türkiyə ilə İranın vasitəçiliyi ilə mümkün olub.
Agentlik Bəşər Əsəd rejiminə dəstək verən İranın “Hizbullah” təşkilatı, Türkiyənin isə müxalifət qüvvələri üzərində təsirli olduğuna diqqət çəkib. Atəşkəsin elan olunduğu Zabadani qəsəbəsi Livanın sərhədində, İdlibin Fuaa ve Kefraya kəndləri isə ölkənin şimalında yerləşir.
Əsəd əleyhdarı qrupların olduğu Zabadani qəsəbəsi “Hizbullah” və Suriya ordusu, rejim qüvvələrinin əlində olan şiə kəndləri Fuaa və Kefraya isə müxalifət güclərinin atəşi altında idi. Əldə olunan 48 saatlıq atəşkəs razılaşması ilə qarşılıqlı olaraq həmin yaşayış məntəqələrinin boşaldılması nəzərdə tutulur.