Avqustun 18-də Yunanıstanın hakimiyyət orqanları ölkədəki 14 regional aeroportun özəlləşdirilməsi barədə əqdin bəyənilməsini təsdiqləyiblər.
Bu aeroportların səhmlərinin nəzarət paketi Frankfurt aeroportunun Almaniyadakı operatoru Fraport şirkətinin və Yunanıstanın Copelouzov enerji şirkətinin daxil olduğu müştərək müəssisəyə çatacaq.
Bu barədə ilkin saziş hələ keçən il bağlanmışdı, lakin Aleksis Tsiprasın hökuməti həmin əqdi dondurub.
Müqavilə ratifikasiya ediləcəyi təqdirdə o, yeni hökumət tərəfindən bağlanmış ilk özəlləşdirmə əqdi olacaq. Baş nazir Yunanıstanın strateji obyektlərinin satılmasına aylar boyu etiraz edib, lakin indi Afinaya maliyyə yardımı müqabilində bu obyektlərin satışına razılıq verib.
Satılan obyektlər sırasına Kos və Korfu adalarındakı 14 aeroport daxildir. Gözlənildiyinə görə, bu aeroportların yeni sahibləri dörd il ərzində hava limanlarının yeniləşdirilməsinə 330 milyon avroya yaxın vəsait ayıracaqlar. Müqavilənin müddəti 40 ildir.
Bu arada İspaniya parlamentinin üzvləri məzuniyyətlərini yarımçıq qoyaraq Yunanıstana yardım paketinə səs vermək üçün toplaşıblar. Bu təklifin “lehinə” 297 deputat, “əleyhinə” 20 deputat səs verib. İspaniya parlamenti üçün səsvermə keçirilməsi zəruri deyildir, lakin baş nazir Mariano Raxoy hər ehtimala qarşı səsvermə keçirilməsi barədə sərəncam verib.
İspaniya iqtisadiyyat nazirinin sözlərinə görə, Aleksis Tsiprasın hökuməti Aİ ilə saziş bağlanmasını qəsdən uzadıb. Nazir Afinanı həmişə dəstəklədiyini bildirib.
Yardım proqramı çərçivəsində Yunanıstana 86 milyard avro ayrılacaq. Bu məbləğin 10 milyard avrodan çox hissəsini İspaniya hökuməti verəcək.