Fələstin prezidenti Mahmud Abbas Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsinin rəhbəriliyindən istefa verib.
Teleqraf.com-un ANS-ə istinadən məlumatına görə, Mahmud Abbas bu qərarını bu axşam İordan çayının qərb sahilində yerləşən Ramallah şəhərində Fələstin rəhbərliyinin görüşündə bildirib. "Al Arabia" bildirir ki, Abbasla birlikdə bir neçə yüksək rütbəli məmur da istefa verib.
FAT lideri Yaxın Şərq nizamlanmasının iflasa uğramasına etiraz əlaməti olaraq istefa verib. Beləliklə, Fələstin Milli Şurasının fövqəladə sessiyası keçirilməlidir. Sessiyada FAT icraiyyə komitəsinin18 nəfərdən ibarət yeni tərkibi seçilməlidir. Fələstin Milli Şurasında axırıncı dəfə seçkilər 1996-cı ildə keçirilib.
Fələstin Milli Şurası FAT-ın ali orqanıdır. Onun tərkibinə həm mühacirətdə olan fələstinlilərin, həm də muxtar rayonların əhalisinin təmsilçisi olan 740 nəfər daxildir.
Mahmud Abbas 1935-ci ildə ingilis mandatı altında olan Fələstinin şimalındakı Safed şəhərində anadan olub. 1948-ci ildə İsrail dövləti yarandıqdan sonra qaçqın vəziyyətinə düşən Mahmud Abbas, ilk İsrail-ərəb müharibəsi zamanı ailəsi ilə birlikdə Suriyaya köç edib.
Suriyada və Moskvada hüquq təhsili aldıqdan sonra Dəməşq Universitetini bitirib. Doktorluq dissertasiyası sionizmin tarixi ilə bağlı olub.
Ölkəsinə 1980-ci illərin ortasında, başqa ərəb ölkələrində varlı bir iş adamına çevrildikdən sonra dönə bilib. Yasir Ərafatın yaxın silahdaşı olaraq ilk başdan Fələstin Azadlıq Təşkilatının rəhbərlərindən biri olub. 1970-ci illərin sonlarından başlayaraq İsraillə yaxınlaşıb və "iki dövlətli həll" üzərində dayanıb.
Yasir Ərafatın ölümündən sonra Fələstin Azadlıq Təşkilatının başçısı seçilən Abbas 9 yanvar 2005-ci il tarixli seçkilərdə 62,52% səs toplayaraq Fələstinin dövlət başçısı seçilib.