NATO-nun baş katibi Yens Stoltenberq avqustun 26-27-də Gürcüstanda səfərdə olacaq.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir. Bu NATO baş katibinin Gürcüstana ilk səfəridir.
Səfər zamanı NATO baş katibi prezident, baş nazir, parlamentin sədri, xarici işlər naziri və Gürcüstan hökumətinin digər rəsmiləri ilə görüşəcək.
Səfər çərçivəsində Stoltenberq Gürcüstan hərbi hissələrinin birində NATO qüvvələri üçün hazırlanacaq hərbiçilərlə görüş keçirəcək.
NATO baş katibi Gürcüstanın müstəqilliyi uğrunda həlak olan əsgərlərin xatirəsini yad edəcək və Qəhrəmanlar Memorialı önünə əklil qoyacaq.
Baş katib avqustun 27-də Krtsanisi Təlim Mərkəzində NATO-Gürcüstan birgə Tədris və Qiymətləndirmə Mərkəzinin açılşında iştirak edəcək.
Rəsmi görüşlər çərçivəsində bir sıra məsələlər, o cümlədən Gürcüstanın NATO-ya daxil olması və bu istiqamətdə atılan addımlar, həmçinin Gürcüstanın NATO-nun Varşava sammitinə hazırlığı məsələləri müzakirə olunacağı planlaşdırılıb.