Avqustun 26-da Siciliya kanalında 2 mindən çox miqrantı İtaliyaya gətirən gəmi xilas edilib. Lakin məlum olub ki, gəmidə 50 miqrant hava çatışmazlığından həyatını itirib. Güman edilir ki, gəminin mühərrikindən çıxan zərərli qaz onların həyatına son qoyub.
AZƏRTAC İtaliyanın ANSA və AGİ agentliklərinə istinadən xəbər verir ki, İtaliyanın Sahil Mühafizə Xidməti miqrantların uzun müddət sağ qalmaq uğrunda mübarizə apardıqlarını bəyan edib. Bildirilib ki, gəmi xilas edildikdə onlar artıq həyatlarını itiriblər. Miqrantların hava çatışmazlığı ilə qarşılaşması 218 insanı İtaliyanın Kataniya şəhərinə gətirən gəmidə də qeydə alınıb. Xoşbəxtlikdən miqrantlar gəminin divarında deşik açaraq nəfəs ala biliblər. Bununla da gəmi İtaliyaya itki vermədən yaxınlaşıb.