30 May 2014 11:25
1 954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Donetsk vilayətində separatçıların tərəfində Ukrayna ordusuna qarşı döyüşlərdə öldürülən çeçenlərin cəsədləri dünən Çeçenistan Respublikasına yola salınıb.

Publika.az - ın kavkaz-uzel.ru saytına istinadən verdiyi məlumata görə, onların sayı 35-dən 40-45-ə qədər olduğu təxmin edilir.

Sayt yazır ki,respublika güc strukturları bu informasiyaya şərh verməkdən yayınırlar. Terrorçuluğa qarşı əməliyyat qrupunun mətbuat katibi Vladislav Seleznyov bir neçə gün əvvəl bildirib ki, qanunsuz silahlı birləşmələrinin tərəfində Qafqazdan, o cümlədən Çeçenistandan gələn çoxlu sayda silahlı vuruşur.

Çeçenistandan gələn döyüşçülərlə bağlı məlumatı respublikanın sakinləri də təsdiqləyir.

“Mənim qohumun güc strukturlarında işləyir. O, deyir ki, dünən Ukraynada ölən bir neçə on nəfərin cəsədi gətirilib. Onların əksəriyyəti Qudermes, Şalinsk və Urus-Martanovski rayonlarının sakinləridir. Rayonlardan birinə altı cəsəd gətirilib. Amma bu informasiyanı gizlətmək istəyirlər. Çünki, rəhbərliyin göstərişi belədir. Ölənləri yerli qəbirstanlıqlarda dəfn edirlər”, – Çeçenistan Respublikasının sakinlərindən biri danışıb.

Respublika sakinlərindən biri iddia edir ki, Ukraynada döyüşlərdə xüsusi təyinatlı dəstənin keçmiş batalyonların döyüşçüləri, həmçinin digər strukturlardan olan könüllülər iştirak edir: “Deyirlər ki, Ukraynada çeçenlər döyüşmür. Bu yalandır. Son iki həftə ərzində “Qərb” və “Şərq” xüsusi təyinatlı dəstələrin keçmiş döyüşçüləri və digər strukturlardan olan könüllülər Ukraynaya gedib. Oradakı itkilər barədə heç kim danışmır. Amma mən bilirəm ki, həlak olanlar arasında rayonumuzun sakini də var”.

Cövhər Dudayevin dövründə özünü müstəqil elan edən Çeçenistan Respublikası parlamentinin keçmiş deputatı hesab edir ki, çeçenlərin Ukrayna ərazisində döyüşməsi ümumi plandan kənara çıxma deyil. O, çeçenlərin Dağlıq Qarabağ və Abxaziyada da döyüşdüyünü bildirir, bu döyüşlərdə iştirak edən Şamil Basayev, Ruslan Qelayev və Umalt Daşayev kimi məşhur çeçen səhra komandirlərinin adlarını çəkir.

Çeçenistan Respublikasının güc strukturları iddia edir ki, respublikanın hüquq-mühafizə orqanlarının bütün əməkdaşları öz xidmət yerindədir və regiondan kənarda hər hansı bir döyüşdə iştirak etmirlər.

Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov da iki gün əvvəl Ukraynanın şərqində çeçenlərin döyüşməsi barədə informasiyanı təkzib edib. “Mən rəsmi şəkildə bildirirəm ki, bu həqiqətə uyğun deyil. Heç bir çeçen hərbi qulluqçusu münaqişədə iştirak etmir”, - o, “Instagram“da yazıb.


Müəllif: