Yəməndə ərəb dövlətlərinin qoşunları üsyançı husilərə qarşı keçirdikləri hərbi əməliyyatların başladığı dövrdən bəri ən ağır itkiyə məruz qalıb.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, Marib əyalətində yerləşən hərbi bazaya endirilən raket zərbəsi nəticəsində Birləşmiş Ərəb Əmirliyinin və Bəhreynin 45 əsgəri həlak olub. İndiyədək ərəb qoşunlarının ümumi itkisi 7 nəfər təşkil edirdi.
Xatırladaq ki, Yəməndə hərbi münaqişə 2014-cü ilin sonlarında başlayıb. Münaqişənin bir tərəfində "Ənsar Allah" hərəkatından olan üsyançılar və ordunun keçmiş prezident Əli Salehə sadiq hissələri, digər tərəfdə isə hazırkı prezident Hadinin döyüşçüləri durur. Səudiyyə Ərəbistanının başçılığı ilə bir neçə ərəb dövləti Hadinin tərəfində çıxış edərək Yəmən ərazisindəki husi mövqelərinə hava zərbələri endirir.