Müharibə və vətəndaş qarşıdurması ucbatından ölkələrini məcburi tərk etmiş bəzi qaçqınlar Avropada mühacir statusu almaq naminə hətta dinlərini dəyişdirmək məcburiyyətində qalırlar. “Spiegel-online” saytı xəbər verir ki, xristian dininə mənsub missionerlər Almaniyaya köç etmiş minlərlə köçkünün geri qaytarılmaq qorxusundan fürsət kimi istifadə etməyə, yararlanmağa başlayıblar.
Müsəlman ölkələrindən köç etmiş insanlara üç aylıq dini kurslar keçirilir və sonradan onlar Berlinin yevangelik kilsəsində xristianlığa qəbul edilirlər. Miqrantlar arasında belə bir təbliğat aparılır ki, xristianlığı qəbul etməklə sığınacaq almaq şansları arta bilər.
Bəzi mühacirlər isə etiqadlarından döndükdə vətənlərində yaxınlarının təzyiqi ilə qarşılaşmamaq üçün adlarını gizlətmək məcburiyyətində qalırlar. Belə bir addım atmış mühacirlər ümid edirlər ki, bu onların qaçqın statusu almasını asanlaşdıra bilər.
Bəli, bu da demokratiya carçısı olduğunu addımbaşı bar-bar bağıraraq iddia edən Almaniyanın bütün dünyanın gözü önündə sərgilədiyi antidemokratik mövqe. İnsanların azadlığını buxovlamaq, onların düşdüyü çətin, çıxılmaz vəziyyəti fürsət bilən almanlar həmən öz məkrli məqsədlərini işə salmağa başlayıblar.
Siz avropalılar, Azərbaycanla və maraqlarınızı diktə etməyə cəhd etdiyiniz digər ölkələrlə münasibətlərinizdə ən xırda məişət məsələsini belə özünüzə lazım olduqda qabardaraq şivən qoparırsınız. Bunların fonunda indi Almaniyanın müsəlman miqrantlara qarşı etdiyi heç bir hüquqa, normaya, qaydaya, prinsipə, demokratik dəyərlərə sığmır.
Əcəba, insanların dini azadlığına hörmətsizlik, onların seçim haqlarının məhdudlaşdırılması hansı demokratik dəyərlərdən qaynaqlanır? Bu suala öz səviyyənizdə verəcəyiniz cavab məni çox düşündürür.
Bu gün Almaniyanın müsəlman miqrantlara qarşı planlaşdırdığı addımlar bir müddət bundan əvvəldən başlayaraq Avropada yaşanan miqrant böhranının arxasında hansı məkrli planların dayandığını təxmin etməyə imkan verir. Məqsədli şəkildə icra edilən, ikili-üçlü .....yüzlü siyasətlə oyunlar oynanılan, embarqolarla insanların qarşısında seçim qoyulan əməllərdə azadlığın bərqərarı, müdafiə olunması deyil, totalitarizmin işartıları açıq-aydın görünür. Bu da sizin simanız - Almaniya!
Heç özünüzü yormayın. Bu gün düşdüyünüz durum zaman-zaman icra etdiyiniz saxta siyasətinizin nəticələridir.
Çanaq öz başınızda çatlayır. Kəramətdən, ədalətin təntənəsindən artıq istəsəniz də qaça bilməzsiniz. Qədim bir atalar sözündə deyildiyi kimi - Nə tökərsən aşına, o da çıxar qaşığına.
Mətanət Əliyeva