15 Sentyabr 2015 08:08
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaçqın axını ilə əlaqədar Avstriya hökuməti Almaniya nümunəsi əsasında ölkə sərhədlərində nəzarət tətbiq edilməsi barədə qərar verib. Həmçinin Federal Hökumət Daxili İşlər Nazirliyinin müraciəti əsasında ordunun ölkə sərhədlərində assistent fəaliyyətinə yaşıl işıq yandırıb.

Avstriyanın federal daxili işlər naziri Yohanna Mikl-Laytner mətbuata verdiyi açıqlamada Almaniya kimi Avstriyanın da yaranmış qaçqın böhranı ilə bağlı “müvəqqəti sərhəd nəzarəti” tətbiq edəcəyini deyib. Bildirib ki, bu addım Avropa ölkələrinin cari vəziyyətə birgə cavab verməsi istiqamətində siqnal rolunu oynanır.

Avstriyanın federal kansleri Verner Faymann mətbuat konfransında qeyd edib ki, sərhəd nəzarətinin tətbiqi Şengen Sazişinin qüvvədən düşməsi deyil, məhz həmin Saziş çərçivəsində humanitar vəziyyət, ölkənin suverenliyi və yerli əhalinin təhlükəsizliyinin təminatı ilə bağlı atılmış mühüm addımdır.

Avstriya-Macarıstan sərhədində yerləşən Nikelsdorf (Heqyeşhalom) sərhəd-keçid məntəqəsi yaranmış sıxlıqla bağlı qısa müddətə bağlanıb. Almaniyanın sərhəd nəzarəti tətbiq etməsi nəticəsində hazırda Avstriyada 20 mindən artıq qaçqının Qərbi Avropa ölkələrinə hərəkəti məhdudlaşıb. Eyni zamanda, həftə sonu Avstriya və Almaniya arasında dəmir yolu ilə sərnişin daşımalarının fasilələrlə dayandırılması mövcud miqrasiya axını ilə bağlı əlavə problemlər yaradıb.

Yaxın günlərdə digər Avropa ölkələrinin də Şengen Sazişi çərçivəsində sərhəd nəzarətini bərpa edəcəyi gözlənilir. Mütəxəssislər hesab edirlər ki, yaxın müddətdə Avropa ölkələri qaçqın problemi ilə bağlı vahid qaçqın siyasətini müəyyən etməzsə, böhran həddinə çatmış vəziyyət nəzarətdən çıxa bilər.


Müəllif:

Oxşar xəbərlər