İordaniya Kralı II Abdulla Avropa Parlamentinin prezidenti Martin Şults ilə telefon söhbətində İsrailin bu günlərdə Qüdsdə Əl-Əksa məscidinə təcavüzü və asayişi pozması məsələsini müzakirə edib.
PETRA informasiya agentliyinin yaydığı məlumatda deyilir ki, söhbət əsnasında İordaniya Kralı İsrailin Əl-Əksa məscidinə təcavüzünü dayandırmaq və beynəlxalq konvensiyaları pozmasına son qoymaq üçün Avropanın səylərinin bütün səviyyələrdə fəallaşdırılmasının zəruri olduğunu vurğulayıb. Kral II Abdulla beynəlxalq birliyi İsrailin təcavüzü və Qüdsdə asayişi dəfələrlə pozması məsələsində sərt mövqe nümayiş etdirməyə, belə addımların qarşısını almağa çağırıb.
M.Şults regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasında İordaniya Kralının səylərini və müdrik mövqeyini yüksək qiymətləndirib.