Türkiyənin Hakkari vilayətində müqaviləli peşəkar zabit kimi xidmət edən bəy yol təhlükəsizliyi səbəbilə toyuna yetişməyincə, mərasim onsuz keçirilib.
Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, 25 yaşlı çavuş Əhməd Qaravəlioğlunun atası Həmzə Qaravəlioğlu deyib ki, toy qohumlarının iştirakı ilə davam etdirilib.
Oğlunun 3 ildir çavuş kimi xidmət etdiyini və 1 il əvvəl nişanlandığını söyləyən Qaravəlioğlu terrorun heç kimə fayda vermədiyini vurğulayıb: “Ən xoşbəxt günündə oğlum yanımda yox. Oğlum toy tarixinin dəqiqləşməsinə və dəvətnamələr paylanılmasına baxmayaraq, Hakkaridə avtomobil yolunun etibarlı olmaması səbəbindən mərasimə qatılmayıb. Terror bəlasının Türkiyə Cümhuriyyətinin ərazisindən getməsini istəyirəm”.
Ana Fatma Qaravəlioğlu isə oğlunun öz xoşbəxt günündə gəlinin yanında olmadığını və vətəni qoruduğunu deyib: “Oğlum yoxdur, amma nə edək, əlimizdən gələn bir şey yoxdur. Özü olmadan toy etmək məcburiyyətində qaldıq. Qızımla fəxr edirəm. Terror bəlasının bitməsi ən böyük istəyimdir”.
Qayınatası Mustafa Qaraoğlan da terrorun insanları ən xoşbəxt anında bədbəxt etdiyini bildirib: “Gözəl ölkəmizdə terror bitsin. Bunun heç kimə faydası yoxdur. Lənət olsun terrora. Xoşbəxt günümüzdə əlimizi yanımızda görmədik. Qızımın ən xoşbəxt anında nişanlısı yanında ola bilmədi. Vətən sağ olsun”.
Bəyin yanında olmamasına təəssüfləndiyini bildirən gəlin Fatma Qaravəlioğlu da "Vətən sağ olsun" deyərək göz yaşı töküb.
Dayısı Əhməd Sərracın qoluna girərək, ata evindən ayrılan gəlin Fatma Qaravəlioğlu üzərində türk bayrağı və çiçəklə bəzədilən gəlin maşınına təkbaşına minib, yeni evinə yola salınıb.
Bəyə aid stulun boş qaldığı toy mərasimində gəlin həyat yoldaşının şəkilini qucağına alaraq göz yaşı töküb. 3 gün davam edən toyda dəvətlilər gəlinlə birlikdə oynayıb, halay çəkərək əyləniblər.