28 Sentyabr 2015 16:14
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Yunanıstanın xarici işlər naziri Nikolaos Kotzias ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin, xüsusilə də enerji layihələri üzrə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.

E.Məmmədyarov TANAP və TAP qaz boru xəttinin inşasının uğurla davam etdirildiyini qeyd edərək, bu layihələrin keçəcəyi ölkələr və regionlar boyunca əməkdaşlığa, yeni iş yerlərinin açılmasına və inkişafa xidmət edəcəyini və regionun enerji mənzərəsini dəyişəcəyini vurğulayıb.

Yunan nazir Azərbaycan və Yunanistan arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün bir çox sahələrdə geniş imkanların mövcudluğunu qeyd edib. İki ölkə arasında rəsmi səfərlərin və hökumətlərarası komissiyaların önəmindən danışan N.Kotzias siyasi məsləhətləşmələr aparmaq məqsədilə Azərbaycana səfər etmək niyyətini bildirib.

Görüşdə, həmçinin E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqların son vəziyyəti ilə bağlı məlumat verib. O, Ermənistanın müxtəlif təxribat əməlləri vasitəsilə qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca vəziyyəti gərginləşdirdirməsi, atəşkəs rejimini intensiv şəkildə pozması faktlarını qeyd edərək, Ermənistanın əsl məqsədinin danışıqlar prosesinə xələl gətirmək və işğal və təcavüzə əsaslanan mövcud status-kvonu davam etdirmək olduğunu vurğulayıb.

Daha sonra miqrant problemi və turizm sahəsində əməkdaşlıq kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Müəllif:

Oxşar xəbərlər