29 Sentyabr 2015 10:19
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Minada baş verən izdihamda ölən iranlı zəvvarların sayı 228 nəfərə çatıb. Bunu İranın həcc və ziyarət təşkilatının sədri Səid Övhədi deyib.

Trend-in məlumatına görə, bu barədə İranın İSNA agentliyi məlumat verir.

S.Övhədi deyib ki, Məkkə şəhərindəki böyük morqlarda 1200-dən çox cəsəd saxlanılır: “Həcc və Ziyarət Təşkilatının axtarış qrupu bu morqlara baxış keçirib, 169 zəvvarın cəsədini tapıblar. Bu cəsədlərin ölkəyə göndərilməsi üçün bütün qanuni prosedurlar həyata keçirilib və tezliklə ölənlərin cəsədləri İrana göndəriləcək”.

S.Övhədi deyib ki, morqlara iki gün öncə Minadakı hadisədə həlak olanların cəsədlərini daşıyan soyuduculu 21 yük maşını daxil olub: “Cəsədlərin boşaldılmasına ötən gündən başlanılıb. Bu yük maşınların hər birində ən azından 350 cəsəd var.”

Onun sözləriə görə, indiyə kimi Minadakı hadisədə ölən iranlı zəvvarların sayı 228 nəfər, itkin düşən zəvvarların sayı 248, yaralıların sayı isə 27 nəfərdir: “İtkin düşənlərin axtarışı davam edir. Ehtimal olunur ki, ölən iranlı zəvvarların sayı daha çox olacaq. Çünki Məkkə, Ciddə, Ərəfat və Minadakı bütün xəstəxanalardakı axtarışlarımız nəticəsiz olub”.

S.Övhədi Səudiyyə Ərəbistan mətbuatının Mina hadisəsini senzura etdiyini bəyan edib: “Mina faciəsində ölənlərin sayı 4700 nəfərə kimi çatacaq. Səudiyyə Ərəbistan KİV-lərinin açıqladığı rəqəmlər düzgün deyil. Faciənin ciddiliyi Səudiyyə KİV-lərinin açıqladığı rəqəmlərdən daha çoxdur”.

Qeyd edək ki, Məkkədə - Mina dağında sentyabrın 25-də baş verən izdihamda 750-dən artıq zəvvar ölüb, 1000-ə yaxın insan isə yaralanıb.


Müəllif:

Oxşar xəbərlər