Taliban döyüşçüləri Kunduz şəhərindəki mühüm Bala Hisar qalasını hökumət qüvvələrinin əlindən alıblar.
NATO-nun havadan dəstəyinə rəğmən hökumət qüvvələrinin şəhərə nəzarəti qaytarmaq cəhdləri nəticə verməyib.
Hökumət qüvvələrinin əlində şəhərin hava limanı qalır.
Bala Hisar qalasında yerləşdirilən təhlükəsizlik qüvvələrinin müqəddəratı naməlumdur.
Əfqanıstanın Kunduz şəhəri uğrunda ağır döyüşlər davam edir. Hökumət qüvvələri şəhəri Talibandan geri almaq üçün hücuma keçib.
Silahlıların hava limanını ələ keçirməsinin qarşısı isə ABŞ-ın çərşənbə axşamı həyata keçirdiyi hava hücumları ilə alınıb.
Əfqanıstanın kəşfiyyat agentliyi bildirir ki, hücumlar nəticəsində Taliban lideri və onun köməkçisi qətlə yetirilib, lakin Taliban bunu inkar edir.
Kunduzun ələ keçirilməsi, silahlıların 2001-ci ildən bəri əldə etdiyi ən böyük qalibiyyətdir.
Çərşənbə axşamı ABŞ, Kunduz şəhərinin tutulmasını tənəzzül adlandırıb, lakin eyni zamanda ABŞ, Əfqanıstan təhlükəsizlik qüvvələrinin şəhəri geri qaytaracağına da əmin olduğunu bildirib.
Gecə boyu şəhərin ətrafında toqquşmalar davam edib.
Kunduz polis rəisinin sözçüsü Seyid Sərvər Hüseyni Reuters xəbər agentliyinə bildirib: “Yüzlərlə Taliban silahlısı qətlə yetirilib və onların cəsədləri küçələrdədir”.
Əfqanıstan müdafiə nazirliyi bildirib ki, şəhərin polis qərargahı və həbsxanaya nəzarət bərpa edilib. Silahlılar bazar ertəsi şəhəri ələ keçirdikləri zaman yüzlərlə məhbusu azad etmişdir.
Lakin Talibanın yaydığı videoda silahlılar şəhərdə ələ keçirdikləri tankları, zirehli texnika və polis maşınlarını nümayiş etdirib.