Rusiyada fiziki şəxslərin müflisləşməsini tənzimləyən qanun qüvvəyə minib. Bundan əvvəlki qanunvericilik yalnız hüquqi şəxslərin müflisləşməsini nəzərdə tutub.
Ödənişləri 90 gündən artıq gecikdirən və 500 min rubldan artıq borcu olan şəxs özünü müflis elan edə bilər. Müflisləşmə barədə ərizəni məhkəməyə şəxsin özü və kreditorlar verə bilər.
Bundan sonra məhkəmənin təyin etdiyi rəsmi vasitəçiliyi ilə borc sahibi və kreditor borcun 3 il müddətinədək restrukturlaşması və yaxud da müflisləşmə və borclunun əmlakının satılması proseduru barədə razılığa gəlməlidirlər.
Mərkəzi Bankın sədr müavini qanunun 400-500 min adama şamil edilə biləcəyini bildirib. "Qanun bu adamlara kreditorlar tərəfindən təqib problemini birdəfəlik həll etmək imkanı verəcək”, - Vasili Pozdışev deyib.
Məlumata əsasən, fiziki şəxsin bankrot tanınması barədə ilk ərizə Tomsk şəhərinin arbitraj məhkəməsinə təqdim olunub.