7 Oktyabr 2015 23:59
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da çıxan “The Daily Caller” qəzetində Yaxın Şərq, Avrasiya və postsovet respublikalarındakı hadisələrdə ixtisaslaşan avstraliyalı siyasi şərhçi Castin Emlerin “İki ölkə haqqında povest” sərlövhəli məqaləsi dərc olunub. Müəllif məqalədə Cənubi Qafqazdakı vəziyyəti, Ermənistan-Azərbaycan münaqişəsini və Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalını nəzərdən keçirir.

C.Emler yazır ki, Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistan tərəfindən işğalının 20 ildən çox davam etməsinə baxmayaraq, BMT, Birləşmiş Ştatlar, Avropa İttifaqı və digər beynəlxalq qurumlar bu ərazini Azərbaycanın tərkib hissəsi kimi tanıyırlar. Hüquqi nöqteyi-nəzərdən, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarı da daxil olmaqla, bu region Azərbaycanın tərkib hissəsi qəbul edilib və buna müvafiq olaraq, Ermənistan işğalçı sayılır.

Azərbaycanın dünyada ikinci ən iri neft kəmərinə (Bakı-Tbilisi-Ceyhan) sahib olması Dağlıq Qarabağ münaqişəsi məsələsində əlavə amil sayılır. Bu kəmər Qərbi alternativ neft təchizatı, o cümlədən İsrailin neft idxalının 40 faizini təmin edir. Ekspert bildirir ki, hazırda Azərbaycan Qərb bazarlarını təbii qazla təmin etmək üçün tərəfdaşları, o cümlədən bp ilə birlikdə qaz kəmərləri inşa edir. Münaqişə səbəbindən bu boru kəmərləri Ermənistan ərazisindən keçmir. Halbuki Ermənistanın iqtisadi stimullaşdırmaya indiyə qədər görünməmiş dərəcədə ehtiyacı var. C.Emler vurğulayır ki, Azərbaycan və onun tərəfdaşları Avropanın enerji təhlükəsizliyinin təmin olunmasının möhkəm qarantıdır. Amma Ermənistan Azərbaycandan fərqlənir. Müstəqilliyi bərpa olunandan sonra Ermənistan vassal dövlətə çevrilib. Bu dövlət ölkənin xarici siyasət kursunu idarə etmək iqtidarında deyil.

Sonda ekspert Ermənistanın beynəlxalq hüquq normalarına hörmət etməsi üçün Birləşmiş Ştatlara və Minsk qrupunun digər üzvlərinə müraciət edərək, onları maliyyə və siyasi təsir vasitəsilə bu ölkəyə təzyiq göstərməyə çağırır./Azərtac


Müəllif:

Oxşar xəbərlər