Rusiyanın Suriyada İŞİD mövqelərini Xəzərdən 26 qanadlı “Kalibr” raketi ilə vurması tamamilə təbliğat xarakteri daşıyırdı.
Publika.az xəbər verir ki, bu barədə Polşanın “Gazeta Wyborcza” nəşri yazıb.
Nəşr yazır ki, Kreml bununla bir neçə məqsədə nail oldu: “Birincisi, o, dünyaya müasir silaha malik olduğunu nümayiş etdirdi. Axı belə raketlər Qara dənizdən atılacaqsa, nəinki Yunanıstan və Rumıniyanı, hətta İtaliya, Almaniya, Baltikyanı və Skandinaviya ölkələrini vura bilər. İkincisi, Rusiya SSRİ dağılandan sonra Xəzər dənizinin sərvətləri uğrunda mübarizə aparan ölkələrə xəbərdarlıq etdi”.
Nəşr iddia edir ki, Rusiya gələn dəfə “Kalibr” raketləri ilə Xəzərdə Azərbaycan və Qazaxıstan donanmasına zərbə endirə bilər: “Bununla yanaşı, Rusiya Suriyanı Xəzərdən bombalamaqla öz silahlarını gələcək alıcılar üçün reklam etmiş oldu”.
Polşanın Milli Təhlükəsizlik Bürosu rəhbərinin keçmiş müavini, general Roman Polko hesab edir ki, Rusiyanın Xəzərdən raket atması hər şeydən öncə Qərb üçün siqnal idi: “ABŞ Əsədlə razılaşa bilmədi, İŞİD-ə qalib gələ bilmədi. Rusiya bu səhvlərdən istifadə edərək, Qərbə bacarıqsız olduqlarını nümayiş etdirmək istəyir”,
Rusiyalı politoloq Andrey Trop isə nəşrin yazdıqlarının sayıqlama olduğunu deyib.
“Rusiyanın öz müttəfiqlərini, xüsusilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında və Şanxay Əməkdaşlıq Təşkilatında ittifaq qurduğu Qazaxıstanı vurması haqda iddialar təəccüblü və gülməlidir. Rusiyanın Azərbaycanla münasibətləri olduqca yaxşıdır və onların Xəzərdə bölüşdürə bilməyəcəkləri heç nə yoxdur. Bunlar sadəcə polyakların sayıqlamalarıdır”, - deyə rusiyalı ekspert qeyd edib.