İsrail hökuməti ölümcül silsilə hücumların ardınca polisə Qüds/Yerusəlimin şərqindəki bəzi rayonları bağlamaq səlahiyyətini verib. Kabinetin fövqəladə iclasında qəbul edilmiş qərara əsasən, polisə dəstək üçün bəzi yerlərə hərbçilər göndəriləcək.
Son günlər ərzində İsrailin mərkəzi bölgələri və Qüds şəhərində baş verən hücum vaxtı üç israilli öldürülüb və 20-dək adam yaralanıb. Çərşənbə axşamı Qüds şəhərində polis fələstinli olduğu deyilən iki hücumçunu güllələyərək öldürüb.
İsrail hakimiyyətinin xəbərdarlığında deyilir ki, İsrail vətəndaşlarına hücum edən fələstinlilərin evləri uçurulacaq və onlar Qüdsdə yaşamaq haqqından məhrum olunacaqlar. Sentyabr ayında Qüds, Qəzza zolağı və Qərb sahilinndə baş verən hücumlardan sonra İsrail və fələstinlilər arasında gərginlik artmaqdadır.
İsrailin baş naziri Benyamin Netanyahu Fələstin lideri Mahmud Abbası "yalan və təhrik"lərə son qoymağa səsləyib. Fələstin lideri, öz növbəsində, İsrail hakimiyyətini "təcavüzkarlıq aktları"nda ittiham edib.
Oktyabrın əvvəllərindən bəri bir neçə israilli fələstinlilər tərəfindən bıçaqlanıb. Bir israillinin də qisas zəminində fələstinlini bıçaqlamasına dair məlumat var. Bir neçə israillinin öldüyü bu hücumlar Qüdsdə və Qərb sahilinin müxtəlif yerlərində baş verib. İsrail təhlükəsizliyi sərtləşdirib və fələstinlilərlə toqquşub. Bu zaman fələstinlilər tərəfində ölənlər olub. Zorakılıq Qəzza ilə sərhədə də çatıb.
Nisbi sakitlik dövründən sonra Qüdsün izdihamlı müqəddəs hissəsində sentybarda baş verən toqquşmanın ardınca gərginlik yayılmağa başlayıb. Bu gərginliyə fələstinlilər arasında dolaşan belə bir şayiə səbəb olmuşdu ki, guya israillilər bu müqəddəs məkanın idarə edilməsi qaydalarını dəyişmək istəyirlər. İsrail bu şayiələri dəfələrlə qızışdırıcılıq kimi təkzib etmişdi. Bundan az sonra Qərb sahilində iki israilli, fələstinlilər tərəfindən odlu silahla qətlə yetirildi və bundan sonra bıçaqlama basqınları başlandı.
Fələstinlilərin İsrail işğalına qarşı 1980-ci və 2000-ci illərdə iki böyük və mütəşəkkil üsyanı olub. Sülh danışıqlarının artıq canını tapşırdığı bir vaxtda bəzi müşahidəçilər üçüncü üsyanın mümkünlüyü məsələsindən danışırlar. Lakin bıçaqlama hücumları, bunları silahlı qruplaşmalar alqışlasa da, fürsətçi xarakter daşıyır və Fələstin lideri Mahmud Abbas deyib ki, onun soydaşları gərginliyin şiddətlənməsində maraqlı deyillər.