Rusiya Dövlət Dumasına uşaqbazlığa görə kimyəvi axtalanma cəzasının tətbiqini nəzərdə tutan qanun layihəsi təqdim olunub. Pedofillərin cəzasını sərtləşdirən qanun Rusiya parlamentində hələ 2012-ci ildə qəbul edilmişdi.
Həmin qanunda məhkumun könüllü sürətdə kimyəvi axtalanmaya razılıq verməsi müqabilində onun həbs cəzası müddətinin azaldılması nəzərdə tutulurdu. Lakin yeni qanun layihəsinin müəllifi, deputat Anton Belyakovun fikrincə, həddi-büluğa çatmayanlara qarşı seksual zəmində cinayətlərin sayı artmaqda davam etdiyindən, bu sahədə qanunvericiliyin sərtləşdirilməsinə ehtiyac var.
Qanun layihəsinə əsasən, həddi-büluğa çatmamış şəxsə qarşı seksual zəmində ağır cinayət törətmiş pedofil məhkəmənin qərarı ilə məcburi qaydada kimyəvi üsulla axtalanacaq, ağır sayılmayan cinayətə görə isə məhkəmə qərarı həkim-psixiatrların rəyi əsasında çıxarılacaq.
Kimyəvi axtalanma (kastrasiya) proseduru seksual meyli heçə endirən hormonal tibbi preparatların orqanizmə yeridilməsi yolu ilə həyata keçirilir.