ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton Demokratlar partiyasının ilk teledebatlarında prezidentlik uğrunda yarışda iştirak etmək iddiasında olan bütün həmkarlarını oyundankənar vəziyyətdə buraxaraq qələbə qazandı. Amerikanın aparıcı KİV-ləri hesab edirlər ki, bu debatlardan sonra vitse-prezident Co Baydenin şansı sıfıra bərabərdir. Bu isə öz növbəsində, ABŞ-dakı seçki kampaniyasının gedişinə yeni rəng qatacaq.
Klinton demokratların lideridirmi?
Hillari Klinton qətiyyətlə qələbə qazandı, digər dörd namizəddən üçü isə dəstəyin heç bir faizini belə qazana bilmədi. "Reuters" informasiya agentliyinin fikrincə, nəticədə Demokratlar partiyasının qarşısındakı əsas məsələ bu oldu: ABŞ-ın vitse-prezidenti Co Bayden namizədliyini irəli sürəcək, ya yox. Agentlik qeyd edir ki, "Hillari Klintonun debatlarda bu cür çıxışı Co Baydenə problem yaradır".
Prezidentliyə namizədliyini irəli sürməyə hazırlaşan ABŞ-ın vitse-prezidenti bu debatlardan sonra çətin vəziyyətdədir. 67 yaşlı Klinton təkcə Demokratlar partiyasının tərəfdarlarından deyil, həm də çoxsaylı ekspert və jurnalistlərdən hədsiz sayda xoş sözlər eşitdi. Çoxları bildirir ki, hətta elektron poçt qalmaqalı belə Klintonun topladığı siyasi çəkiyə mənfi təsir göstərə bilməz.
Belə ki, bir müddət əvvəl Klinton Amerika qanunvericiliyi ilə qadağan olunmuş hərəkətə – şəxsi elektron poçtundan dövlət təhlükəsizliyi ilə bağlı xidməti yazışma üçün istifadə etdiyinə görə seçicilərdən üzr istəmişdi. "Bu bir səhv idi. Buna görə təəssüf edirəm. Məsuliyyəti öz üzərimə götürürəm", – deyə Klinton bəyan etmişdi. Yeri gəlmişkən, ABŞ Dövlət Departamenti qurumun keçmiş rəhbərinin şəxsi elektron poçtuna həmkarları tərəfindən göndərilmiş məxfi informasiya ehtiva edən 60 məktub aşkar etmişdi.
"Əgər bu məsələ ilə bağlı Klintonun tərəfdarları nədənsə narahat olurdularsa, debatlardan sonra özlərini daha yaxşı hiss edə bilərlər. Bu debatlar maneələrin aradan qaldırılmasında bir növ təkan rolunu oynadı", – deyə Demokratlar partiyasının siyasi texnoloqu Rodel Mollineu bildirib. "Reuters" agentliyinin gəldiyi nəticəyə görə, bu teledebatlardakı uğurlu çıxış Baydenin namizədliyinin irəli sürülməsi məsələsinə nöqtə qoydu.
Teledebatlardakı çıxışların ən yüksək nöqtəsi Hillari Klintonun "siyasi dəyişməzliyi" ifadəsi oldu. CNN teleşirkətinin aparıcı-jurnalisti Anderson Kuperin sualına cavab verən Klinton bütün siyasi karyerası boyunca "eyni dəyərlərə, eyni prinsiplərə" sadiq qaldığına inandırdı. Klintonun fikrincə, o, vəziyyətə uyğun mülahizələrə görə öz siyasi əqidəsini dəyişmir.
Enerji azlığı
Xatırladaq ki, bir müddət öncə ABŞ-ın vitse-prezidenti Co Bayden qeyd edib ki, gələn il siyasi karyerasında artıq üçüncü dəfə dövlət başçısı vəzifəsi uğrunda mübarizə aparmaq üçün kifayət qədər emosional enerjiyə malik deyil. Bu işə bütün qəlbini və ruhunu həsr edə bilməyəcəksə, mübarizəyə qoşulmaq yersiz olardı.
ABŞ-ın vitse-prezidenti seçkilərdə iştirak edəcəyini istisna etmədi, amma faktiki olaraq aydın şəkildə işarə etdi ki, çox güman ki, Demokratlar partiyasından olan digər namizədin lehinə seçkilərdə iştirak etməkdən imtina edəcək. Bu namizədin kim olacağını təxmin etmək isə o qədər də çətin deyil.
Namizədlər arasında ziddiyyət
Yeri gəlmişkən, bazar ertəsi elan olunan "Reuters/Ipsos"un sonuncu sorğusunun nəticələrinə görə, demokratların 48 faizi Baydenin namizədliyini irəli sürməsini istəyərdilər.
Bayden prezidentlik uğrunda bu yarışlar da daxil olmaqla heç vaxt güclü fiqur olmayıb. Rəsmi şəkildə seçkilərdə iştirak edəcəyi təqdirdə Baydenin dəstək qazanacağı barədə fikirlər əsaslı deyil.
Baydeni cəsarətlə "qopmuş top" (loose cannon) adlandırmaq olar, belə ki, XVII-XVIII əsrlərdə dəniz döyüşlərində gəminin göyərtəsindəki top fırlanaraq müxtəlif istiqamətlərə atəş açır və insanlar onunla nə etməli olduqlarını bilmirdilər.
Hillari Klintonun səs itirməsinə baxmayaraq, o, bu səsləri Baydenə deyil, Berni Sandersə uduzur, rəqabət onlar arasında gedir. Berni Sanders olduqca maraqlı fiqur, qatı liberal, demokratdan daha çox sosialistdir. Sanders əvvəllər müstəqil idi (daha doğrusu nə respublikaçılara, nə də demokratlara aid deyildi), amma bir realist olaraq o başa düşürdü ki, ABŞ-dakı ikipartiyalı sistem şəraitində müstəqil namizəd kimi onun prezident seçkilərində lazımınca iştirak etmək şansı yoxdur. Buna görə də, o, Vermont ştatından senator kimi namizədliyini irəli sürdü.
Bu gün biz fərqli insanların, məsələn, bir tərəfdən respublikaçılardan Donald Tramp (hansı ki, siyasətçi yox, milyarder, inşaatçı və sairdir), digər tərəfdən isə fərqli Berni Sandersin amerikalıların çoxdan eşitmədiyi yeni ideyalar təqdim etməsi halını müşahidə edirik.
Məsələn, Sanders Hillari Klintonun müharibə barədə, o cümlədən Rusiya ilə bağlı çıxışlarını dəstəkləmir. ABŞ-ın partiya maşını adətən Tramp və Sanders kimi ifratçıları özündən kənarlaşdırsa da, ən azından bu gün demokratlar və respublikaçılar hansısa alternativlər təklif edə bilərlər.
Ekspertlər demokratlarla respublikaçıların debatları arasında kəskin fərqləri qeyd etdilər. Sonuncuların debatları daha çox şəxsi replikalar, zarafatlar və kinayəli sözlər ətrafında qurulmuşdu. Demokratlar isə fikirlərini artıq iqlim dəyişikliyi, bərpa oluna bilən enerji mənbələri, təhsilin sadələşdirilməsi, səhiyyə, vətəndaş hüquqları, infrastrukturun vəziyyəti, sosial bərabərsizlik, məvaciblərin artırılması və ABŞ-ın milli təhlükəsizliyi üçün başlıca təhdidlər də daxil olmaqla konkret problemlər üzərində toplaya biliblər.
Nüvə silahlarının yayılması ilə bağlı Klinton həyəcan təbili çalır. Sandersin fikrincə, bir nömrəli təhlükə iqlim dəyişikliyidir. Merilend ştatının keçmiş qubernatoru Martin O'Malli və Rod-Aylendin keçmiş qubernatoru Linkoln Çeyfi əsas problem olaraq Yaxın Şərqdəki vəziyyəti, o cümlədən cihadın artmasını göstərdilər. Demokratik superqırğı kartını oynayan keçmiş senator Cim Uebb isə Vaşinqtonla Pekin arasındakı münasibətləri vurğuladı və diqqəti kibermüharibəyə və Cənubi Çin dənizindəki böhrana çəkdi.
Bu arada Respublikaçılar partiyasından namizədliyə iddiaçı Ceb Buş çərşənbə axşamı xarici siyasət məsələləri ilə bağlı "Reuters"ə müsahibəsində əgər prezident olarsa Rusiya ilə qarşıdurma çərçivəsində daha sərt yanaşmaya üstünlük verəcəyini vəd etdi. O, faktiki olaraq, Klintonun terminlərindən istifadə edərək Putini "davakar" və Suriya böhranındakı boşluqdan istifadə edən "bacarıqlı rəqib" adlandırdı. Buş Avropa ilə birgə Moskvaya qarşı sanksiyaları genişləndirmək niyyətindədir: "Onunla (Putinlə) nə etmək lazımdır? Öz dilində danışmaq, daha ədavətkar vəziyyət yaratmamaq, sadəcə hərəkətinin nəticəsiz qalmayacağını xatırlatmaq".
Fərid Yusifzadə
Newtimes.az