İran bu həftə Vyanada Suriya böhranı ətrafında beynəlxalq müzakirələrə qatılacaq, xarici işlər nazirliyinin sözçüsü açıqlayıb.
Suriya prezidenti Bəşər əl-Əsədin müttəfiqi olan İran, ilk dəfədir ki, belə danışıqlara qoşulur. Bundan əvvəl ABŞ bildirib ki, Vyana görüşündə iştirak etmək üçün İrana dəvətnamə göndərilib.
Danışıqlarda ABŞ, Rusiya, Səudiyyə Ərəbistanı və Türkiyənin xarici işlər nazirləri iştirak edəcək. Əsas müzakirələrin cümə günü keçirilməsi nəzərdə tutulsa da, diplomatlar hazırlıq görüşlərinin cümə axşamından başlayacağını qeyd edir.
"Dəvətə yenidən baxdıq və qərara aldıq ki, xarici işlər naziri danışıqlara qoşulsun", sözçü Marzieh Afkham deyib. Misir və İraq da görüşə dəvəti qəbul edib.