6 Noyabr 2015 11:11
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərəb ölkələrinin səması üzərində və Krımda 3 Rusiya təyyarəsinin ardıcıl şəkildə qəzaya uğraması beynəlxalq siyasi dairələrdə və mətbuatda əsas müzakirə mövzusudur.

Noyabrın 4-də Rusiyanın yük təyyarəsi Cənubi Sudanda qəzaya uğradı. Təyyarədə 5 ekipaj üzvü və 7 sərnişinin olduğu bildirilir. Cuba şəhərində baş vermiş qəzada yalnız iki sərnişin, o cümlədən bir uşaq sağ qalıb. Bundan qısa müddət öncə, oktyabrın 31-də isə Rusiya aviaşirkətinə məxsus olan və Şarm-əl-Şeyx (Misir)-Sankt-Peterburq (Rusiya) reysi üzrə hərəkət edən təyyarə də qəzaya uğramışdı. Təyyarənin göyərtəsində 17-si uşaq olmaqla 217 sərnişin və 7 heyət üzvü vardı. Onların hamısı qəzada həlak olmuşdu.

Rusiyanın “Koqalımavia” şirkətinə məxsus “Airbus-A321" təyyarəsinin ”qara qutusu"nun deşifrə edilməsi nəticəsində əldə edilən ilkin informasiyalar pilotların son ana qədər öz aralarında təyyarədəki nasazlıq barədə hər hansı müzakirə aparmadıqlarını göstərir.

Siyasi ekspertlər hesab edir ki, Rusiya təyyarələrinin bir-birinin ardınca qəzaya uğramasını təsadüf saymaq olmaz. Rusiyanın Suriyada hərbi əməliyyatlar apardığı bir dönəmdə belə qəzaların baş verməsi düşündürücüdür. Təəccüblüdür ki, son qəzaların heç birinin səbəbi bəlli deyil. Təyyarələrin yerdən vurulması, daxilə quraşdırılmış bomba nəticəsinə partladılması və ya texniki nasazlıq üzündən sıradan çıxması versiyalarının hər biri öz aktuallığını saxlasa da, rəsmi Kreml bu günə qədər terror variantını qəbul etməyib.

Politoloq Arzu Nağıyev hesab edir ki, Rusiyada təyyarə qəzalarının ard-arda partlaması təsadüfi deyil: "Müxtəlif versiyalar var. Nasazlıq, ekipajın səhvi və səriştəsizlik, həmçinin terror aktları istisna olunmur. Hazırda bu istiqamətlər üzrə araşdırmalar gedir. Bu cür qəzaların Rusiyanın Suriyada apardığı hərbi əməliyyatlar dönəminə təsadüf etməsi terror versiyasını daha da gücləndirir. Qəzanın baş verdiyi coğrafiya əsasən ərəb ölkələrini əhatə edir və həmin bölgələrdə İŞİD qruplaşmasının üzvləri var. Amma indidən konkret iddia ilə çıxış etmək mümkün deyil. Araşdırmalar aparılır".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, təyyarələrin partlaması ilə bağlı fikir ayrılığı var: "ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kemeron deyirlər ki, Misir səmasında qəzaya uğrayan Rusiya təyyarəsinə böyük ehtimalla bomba qoyulub, Kreml isə iddia edir ki, bu, texniki qəzadır. Fikir ayrılığı nədən yaranıb? Məsələ burasındadır ki, Vaşinqton və London "bomba ilə partladılıb" deməklə Rusiya ictimaiyyətinə mesaj göndərirlər ki, Rusiya prezidenti Vladimir Putin Əsədi dəstəklədiyinə və Suriyada terrorçuların ərazisini bombaladığına görə İŞİD ruslardan qisas alır və bu halda Putin öz vətəndaşlarını qoruya bilməyəcək. Putin isə israrlı şəkildə "texniki qəza" versiyası üzərində durmaqla vətəndaşlarını "İŞİD qisas alır" iddiasından uzaq tutmağa çalışır".

Ayxan


Müəllif: