4 İyun 2014 01:00
1 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

33 – LAYİHƏ

Niyə məhz 33? “İsa yaşı” adlanan bu rəqəmdə numerologiya izləri və ya hansısa mistika axtarmağa ehtiyac yoxdur. Cavab çox sadədir: biz bu rubrikada 33 yaşına kimi müxtəlif sahələrdə uğur qazanmış, dünya şöhrəti əldə etmiş adamlardan söhbət açacağıq. Budəfəki qonağımız amerikalı müğənni, bəstəkar, prodüser, rəqqasə, yazıçı, aktrisa, ssenarist, iş xanımı və nəhayət, pop-diva Madonnadır.

“Mən feminist deyiləm, humanistəm”

Avqustun 16-da 56 yaşını qeyd etməyə hazırlaşır.

Bütöv adı Madonna Veronika Çikkonedir.

Ona anası Madonna Luiza Fortinin şərəfinə bu adı qoyublar. İtalyancadan tərcümədə bu adın mənası “xanımdır” deməkdir.

Səkkizuşaqlı ailənin üçüncü uşağı olan Madonnanı evdə “körpə Nonni” deyə çağırırdılar.

Atası italyan əsilli amerikalı Silviyo Çikkone mühəndis, anası kanada əsilli fransız Luiza rentgenoqrafiya texniki olub.

Madonnanın anası 1963-cü ildə 30 yaşında süd vəzi xərçəngindən ölüb. Beş yaşında pop-diva evin bütün yükünü çiyinlərində hiss edib.

3 il sonra Madonnanın atası evin qulluqçusu ilə ailə qurub. Balaca qız analığı ilə heç cür yola getməyib.

“Öz uşaqlarım doğulana kimi mən atamı heç cür başa düşə bilmirdim”

Madonnanın həyatı 14 yaşında baletə yazılandan sonra dəyişib. Müəllimi Kristofer Flin onda özünəinam və cəsarət yaradıb.

1978-ci ildə gənc və qətiyyətli Madonna Luiza cibindəki 35 dollar, qış paltosu və rəqs paltarları ilə Nyu Yorka gəlir. Şəhərdə heç yeri tanımayan gənc qız sürücüyə “mərkəzə sür” deyir. Bununla da onun ulduz həyatı başlayır.

Madonna nələr etməyib?! Billi Stoun və Martin Şrayber kimi rəssamlara naturaçılıq edib, yemək tapmaq üçün zibil qutularında eşələnib.

“Həyat mənə nə öyrədib? Güzəştə getməyi”

Müxtəlif musiqi qruplarında çıxış edən Madonna 1979-cu ildə həmkarı Den Gilroya aşiq olur və “Breakfast Club”u yaradır.

“Emmy” qrupunda zərb alətlərində ifa edən Stefan Breynlə yazdığı mahnılar Nyu Yorkdakı gecə klublarında səslənir. Madonna məhz bu gecə klublarında kəşf olunur.

1983-cü ildə satışa çıxan ilk albomunda Madonnanın bir dənə də olsun şəkli yox idi. Prodüsserlər onu sirr kimi saxlayırdı.

Bir il sonra işıq üzü görən “Like a Virgin” albomundan sonra Madonnanın illik gəliri 20 milyon dollardan aşağı düşmür.

Həmkarlarından fərqli olaraq, o, yalnız albom satışı ilə kifayətlənmir. 2008-2009-cu illərdəki qastrol turu Madonnaya 400 milyon dollar qazanc gətirir.

“Şöhrət narkotik kimidir”

Yazı-pozu işlərinə başlayan pop-divanın 1992-ci ildə çap olunan “Seks” kitabı əsl hadisəyə çevrilir.

Madonna 2004-cü ildə qələmini bir daha sınayır və beş uşaq kitabı çap edir. “İngilis qızılgülləri” kitabı bestseller olur.

Madonna musiqi tarixinin ən uğurlu xanım müğənnisidir. Onun adı Ginnesin Rekordlar Kitabına da düşüb.

Müğənni kabbalaya sitayiş edir. Dini baxışları ona kütlə qarşısına yarçılpaq çıxmağa mane olmasa da, Madonna yad adamların əlindən hədiyyə almır.

O, siyasətə və xüsusən də Corc Buşa nifrət edir. Onun Buş siyasətini tənqdi etdiyi “American life” klipi məhz buna görə bütün dünyada qadağan olunub.

“Uşaq vaxtı mən Allaha çox inanırdım. İsa peyğəmbər mənim üçün bir kino ulduzu, kumir idi. İndi mən kilsə qanun və ehkamları ilə razılaşmasam da kilsə hələ də mənim sığınacağımdır”

İlk dəfə 1979-cu ildə “Dəqiq qurban” filmi ilə ekranlara çıxan Madonna, “Cangüdən” filmində də baş rolu oynaya bilərdi. Ancaq o vaxt rejissor Mik Cekson seçimini Uitni Hyustonun xeyrinə edib.

Pop-diva 20-dən çox filmdə baş rolu ifa edib.

Madonnanın uğurunun bir başqa sirri də qalmaqallı fotolarıdır. 51 yaşında belə pop-diva “Interview” jurnalı üçün biri-birindən cazibədar pozlar verib.

Madonnanın İQ-sü 140 baldır. Təəccüblü deyil, çünki intellekt olmadan bu cür karyera qurmaq mümkünsüzdür.

Madonnanın aktyor Şon Penlə evliliyi cəmi dörd il davam edib.

Bir müddət komediya aktrisası Sandra Bernardla yaşayan müğənni lesbiyan olmadığını deyib.

“Məncə, bakirəliyini itirmək karyera qurmağın ən rahat yoludur”

İlk övladı, qızı Lurdesi dünyaya gətirəndə Madonnanın artıq 38 yaşı var idi.

Madonna anasının şərəfinə qızına bu adı verib. Onun anası həmişə Fransada Müqəddəs Məryəmin göründüyü Lurdes şəhərinə getmək istəyib.

Divanın dörd övladı var. Onlardan ikisi doğmadır, ikisi isə övladlığa götürülüb.

2000-ci ildə ingilis rejissor Qay Riçi ilə ailə quran müğənninin evliliyi 6 il davam edib.

Ağ qızılgülləri çox sevir.

Madonna Selin Dion və Dalidayla yanaşı, XX əsrin ən populyar müğənnilərindən biridir.

Uğurunun əsas sirri zəhmətkeşliyidir. Madonna iki gündən artıq istirahət edə, dincələ bilmir. Onun günü səhər saat 4-də idman zalında başlayır.

Madonna özünü modelyer kimi də sınayıb. Onun yeniyetmələr üçün hazırladığı “Material Girl” kolleksiyası 2010-cu ildə satışa çıxarılıb. /1937.az/

“Yüz il qoyun kimi yaşamaqdansa bir il pələng kimi yaşamaq daha gözəldir”


Müəllif: