4 İyun 2014 00:20
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidentinin fəaliyyətini bəyənənlərin say.Rusiya tarixində görünməmiş həddə çatıb.

Putinin Ukraynadakı hərəkətlərini Qərbdə nə qədər tənqid etsələr də, bu tənqidin Rusiya daxilində Putinin reytinqinə təsiri yoxdur. Əksinə, ölkə daxilində Putinin reytinqi raket kimi qalxıb.

Teleqraf.com-un Azadlıq radiosuna istinadən məlumatına görə, Rusiya prezidentinin fəaliyyətini bəyənənlərin sayı Rusiya tarixində görünməmiş həddə çatıb.

Bu populyarlığın bircə səbəbi Putinin Ukrayna məsələsində sərt mövqeyidir.

Levada sorğu mərkəzindən sosioloq Lev Giudkov deyir: “Qatı anti-Ukrayna kampaniyası gedir”. “Hakimiyyət müharibə leksikonundan faydalanır. Bu da adamları birləşdirir və səfərbər edir”.

Levada mərkəzinin son sorğusuna görə, Putinin prezident kimi fəaliyyətini rəyi soruşulanların 83 faizi bəyənir. Bu, ilin əvvəlindən bəri 18 faiz artımdır.

İndiyə kimi olan populyarlıq rekordu da Putinə məxsusdur. 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsində Putinin reytinqi 87 faizə qalxmışdı.

Putinin hakimiyyəti dövründə 3 müharibə olub: Çeçenistan, Gürcüstan və Ukrayna müharibələri. Hər 3 dövrdə Putinin populyarlığı kəskin artıb.

Müqayisə üçün, Putinin ideyası olan və 51 milyard dollara başa gələn Soçi olimpiya oyunları Putinin populyarlığını cəmi 3-4 faiz artırmışdı.

Putin dövründə rusiyalıların gözündə Rusiya da qalxır. VTSiOM sorğu mərkəzinin aprel ayında keçirdiyi sorğuya görə, rusiyalıların 82 faizi düşünür ki, Rusiya beynəlxalq aləmdə mühüm rol oynayır. 6 il əvvəl belə düşünənlər 58 faiz idi.

Rusiyalıların Putinə münasibəti də müsbətdir. Keçən ilin sentyabrında Levada sorğuda sualları ayırmışdı: Putinin prezident kimi fəaliyyətini bəyənmək və Putinə pozitiv münasibət.

Həmin sorğuda rusiyalıların təxminən 50 faizi Putinə çox müsbət yanaşırdı.

Ancaq təhlilçilərin fikrincə, Ukrayna məsələsində Putin odla oynayır. “Vedomosti” dərgisindən olan jurnalist Maksim Trudolyubov deyir: “Son aylar başlanan proseslər nəzarətdən çıxıb. Heç kim əmin ola bilməz ki, Ukraynadakı prosesləri idarə etmək olar. Məncə, Rusiyanın hərəkətləri ifrat dərəcədə risklidir”.


Müəllif: