18 Noyabr 2015 01:33
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama Ağ Evdə qalan 15 ayın bitməsindən sonra başlayacaq yeni həyatı haqda danışıb. O deyib ki, ABŞ Ali Məhkəməsinin hakimi olmağa hazırlaşmır, çünki temperamenti buna uyğun deyil, amma professional basketbol komandasının sahibi olmaq haqda fikirləşir.

Obama bunları ABŞ-da kişilər üçün nəşr olunan CQ jurnalına müsahibə zamanı deyib. O, müsahibədə idmana həvəsindən tutmuş, Ağ Evə gəlməmişdən öncə gündə neçə siqaret çəkdiyinə qədər müxtəlif mövzulara toxunub. ABŞ prezidentinin sözlərinə görə, son beş ildə o, bir dənə də siqaret çəkməyib.

ABŞ prezidenti Barak Obama Milli Basketbol Liqasının "Klivlend Kavaliyers" və "Çikaqo Bullz" komandaları arasında oyunda

İdman yazarı Bill Simmonsla müsahibə zamanı Obama "mənə ən çox basketbol yaraşır" deyib və əlavə edib: "amma inana bilmirəm ki, professional futbol liqasının prezidenti 44 milyon dollar alır."

O deyib ki, ABŞ-ın Milli Basketbol Liqasında komanda sahiblərindən biri olmaq istəyərdi. O, "Çikaqo Bullz" komandasının keçmiş oyunçusu, əfsanəvi Maykl Cordanın iştirak etdiyi klassik NBA oyunlarına tamaşa etməyi xoşladığını deyib.

Obama Respublikaçıların irəlidə gedən namizədi haqda belə görünür zarafat edərək, bildirib ki, 2016-cı ildə milyarder Donald Trampla prezident seçki kampaniyasında rəqabət aparmaq maraqlı olardı. Konstitusiya ilə Obamanın üçüncü dəfə seçilməsi qadağan edilir.

Bir zamanlar hüquq professoru olan Obama müsahibədə Ali Məhkəmənin üzvü olmağa hazırlaşmadığını deyərək, daha aktiv işə üstünlük verdiyini bildirib. /Amerikanın səsi/


Müəllif: