30 Noyabr 2015 22:53
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın 2024-cü il Yay Olimpiya Oyunlarının ev sahibliyinə namizədliyini irəli sürdüyü Hamburqda əhali oyunların bu şəhərdə keçirilməsini istəməyib.

Hamburqda və şəhərin yaxınlığında yelkən yarışlarının keçirilməsi üçün namizəd göstərilən Kieldə keçirilən referendumda iştirak edənlərin 51,7 faizi olimpiya oyunlarının bu şəhərlərdə keçirilməsinə “yox” deyib.

Hamburqun bələdiyyə sədri Olaf Skolz deyib: “Bu bizim istəmədiyimiz bir qərar idi, lakin nəticə göz qabağındadır”.

Almaniya sonuncu dəfə 1972-ci ildə Münxendə Olimpiya Oyunlarına ev sahibliyi etmişdi. İki il əvvəl isə Münxen şəhərinin sakinləri keçirilən referendumla 2022-ci il Qış Olimpiya Oyunlarının bu şəhərdə keçiriləsini istəmədiklərini bildirmişdilər.

Hamburqla yanaşı, Roma, Paris, Budapeşt və Los Angeles şəhərlərinin də 2024-cü il Yay Olimpiya Oyunlarının ev sahibliyinə namizədliyi irəli sürülüb. Oyunlara ev sahibliyi edəcək şəhər 2017-ci ilin sentyabrında açıqlanacaq.


Müəllif: