ABŞ-ın Kaliforniya ştatındakı San-Bernardino şəhərində yerləşən sosial xidmət mərkəzinə hücum edən cütlüyün yaşadığı evdə xeyli sayda silah, 3 min güllə və 12 ədəd əldəqayırma partlayıcı qurğu aşkarlanıb.
İstintaq hələlik Səid Fərrux və onun həyat yoldaşı Teşfin Malikin törətdiyi cinayətin motivini izah edə bilmir. Onların hər ikisi polisin keçirdiyi əməliyyat nəticəsində öldürülüb. Hadisə yerindən qaçan üçüncü şübhəlinin axtarışı isə davam edir. Lakin onun hücumda iştirak etdiyi hələ ki, dəqiq deyil.
Ölkənin əsas yeni il yolkasının işıqlarının yandırılma mərasiminə qatılan ABŞ Prezidenti Barak Obama Sen-Bernardino qurbanlarının xatirəsini yad edib.
Xatırladaq ki, dekabrın 3-də baş verən hadisə nəticəsində 14 nəfər həlak olub, 17 nəfər yaralanıb. Yaralıların bir hissəsinin vəziyyəti ağırdır. San-Bernardinoda yaşanan insident ABŞ-da son 3 ildə bu qəbildən olan ən qanlı faciədir. Amerikanın baş prokurorluğu təhqiqatın aparılmasına lazımi köməyi göstərəcəyini bildirib.