Rusiya prezidenti Vladimir Putin hələ də Qərb üçün, ABŞ üçün tam açılmayan, müəmmalı və proqnozlaşdırılmayan siyasətçi olaraq qalır. Rusiyaya qarşı iki ildir tətbiq edilən iqtisadi-maliyyə sanksiyalarına rəğmən, Putin hələ ki, Qərb dünyası üçün kifayət qədər təhlükəli və qapalı siyasi fiqur qismindədir.
Hər halda gerçək budur ki, sanksiyalar Rusiyanı gözlənildiyi kimi taqətdən salmayıb. Kremlin Suriyaya hərbi müdaxiləsi, yeganə NATO ölkəsi ilə - Türkiyə ilə “nəfəslik” rolunda olan olduqca qiymətli münasibətləri peşmançılıq çəkmədən pozması, üstəgəl, son günlər Suriyanın ardınca İraqa da mümkün hərbi ekspansiya barədə anonslar verməsi, İraqda Türkiyənin hərbi mövcudluğuna qarşı çıxmağa başlaması onun hərbi potensialının təsirli ölçüdə zəifləmədiyini göstərir.
Şimal qonşumuzun nüvə dövləti olması faktı da ciddiyə alınsa, Putin Rusiyasının qlobal sabitliyə, “Yaxın xaric” və həmsərhəd ölkələrin müstəqilliyinə və suverenliyinə nə dərəcədə real təhlükə mənbəyi olduğu üzə çıxar. Bu yerdə yada salaq ki, bir neçə il öncə qəbul edilən Rusiyanın yeni Hərbi Doktrinasında ilk dəfə olaraq “milli təhlükəsizliyə təhlükə yaranarsa” taktiki silahlardan istifadənin mümkünlüyü öz əksini tapıb.
Bir sözlə, “proqnozlaşdırılmayan” və yetərincə çılğın Rusiya liderinin əlində minlərlə nüvə başlığı var və Qərb analitiklərini vaxtaşırı düşündürən suallardan biri də elə Putinin bu başlıqlardan “milli təhlükəsizlik” naminə istifadə edib-etməməsi ilə bağlıdır.
“Bu yaxınlarda Kremldə keçirilən görüşdə sualtı qayıqdan “Kalibro” raketlərinin buraxılmasının müzakirəsi zamanı Putin təsadüfən bildirdi ki, bu raketlər həm adi, həm də xüsusi başlıqlarla, yəni nüvə möhtəviyyatı ilə təchiz edilə bilər. Hərçənd, sonra əlavə elədi ki, ümid edir ki, buna heç vaxt ehtiyac olmayacaq. Görəsən belə bir düzəliş o anlama gəlmirmi ki, Putin nə vaxtsa nüvə silahının tətbiqinə ehtiyac yarana bilər? Bəs Putin hər halda atom silahı tətbiq eləsə, ABŞ buna necə reaksiya verməlidir?”
“The Washington Post” nəşrinin son sayında mövzuya həsr olunan materialda bu suallar qoyulub. Siyasi analitik Ed Rocers həmin sualları həm də bu yaxınlarda Rusiya dövlət telekanalında gedən bir reportajda “təsadüfən” ifrat məxfi silahın çertyojunun göstərilməsi fonunda verib.
“Kreml adətən həddən ziyadə qapalıdır. Odur ki, bununla o, görünür siqnal göndərmək istəyir. Bəs bu nə siqnaldır belə, ən önəmlisi, kimə ünvanlanıb və ünvana çatırmı?.. Prezident Obama Putindən qorxur, Putin isə dünyada hamı kimi bunu yaxşı bilir. Putin bununla Obamanı qorxutmağa səy edir, yoxsa sadəcə, onu sınayır?” – yazır nəşr.
Məqalədə daha sonra deyilir: “Putin sübhəsiz ki, Obama administrasiyasının hərbi məsələlərdə istənilən qətiyyətsizliyini Amerikanın zəifliyi haqda öz fikirlərinin təsdiqi kimi qəbul edir. Bugünkü Obamada və ya ABŞ siyasi üfüqündə isə Putinin ən pis instinktlərini önləyəcək praktik olaraq heç nə yoxdur”.
Analitik yazının sonunda hər halda Putinin nüvə silahından istifadə etməsinin mümkünlüyünə Amerikanın ciddi yanaşmasını məsləhət görür: “Dünyadakı hazırkı sabitsizlikdə Putinin cəzasız şəkildə Ukraynanın ona məxsus olması, Baltikyanı ölkələrə və digər postsovet ölkələrinə hücum təşkil eləməsi, onun Suriyadakı müttəfiqinin ayaqda qalacağı və dünyanın istənilən yerində o, praktik olaraq nə istəsə, onu edəcəyi kimi fikirlər daha ağılsızlıq kimi görünmür. Hətta əgər Kreml başçısının atom silahı tətbiq eləməsi ehtimalı böyük olmasa belə, bunun mümkün nəticələri o qədər ciddidir ki, Ağ Evin və prezidentliyə can atan hər kəsin artıq belə bir fikrə öyrəşməsi vaxtıdır ki, bu nəsə mümkün ola biləcəklər kateqoriyasındandır”.