Rusiyanın paytaxtı Moskvada Türkiyə tərəfindən vurulan Su-24 qırıcısının "qara qutu"sunun oxunması ilə bağlı brifinq keçirilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, mətbuat konfrasında yerli və xarici ekspertlərlə yanaşı, jurnalistlər də iştirak edib.
Rusiya Federasiyası Silahlı Qüvvələrinin aviasiya uçuşlarının təhlükəsizliyi xidmətinin rəis müavini general-leytenant Sergey Baynetov çıxışı zamanı bildirib ki, ilkin mərhələdə qutunun texniki vəziyyəti müəyyən ediləcək: "Bundan sonra "qara qutu"nun oxunmasına başlanılacaq. Bütün işlər sənədləşdirilir".
Aviasiya uçuşlarının təhlükəsizliyi xidmətinin analitik-informasiya şöbəsinin rəisi Andrey Semyonov modulun 16 mikrosxemdən təşkil olunduğunu deyib: "Modulun imkanları icazə verir ki, o, 20 saat müddətində aparılan uçuşun informasiyasını özündə saxlasın. Su-24-ün axrıncı uçuşu isə 40 dəqiqə davam edib. Biz qərara gəldik ki, modulu rentgen müayinəsindən keçirək. Daxildəki informasiyanın zədələnmə ehtimalı var. Hələlik 16 mikrosxemdən 3-nün zədələnməsi bizə məlumdur".
Semyonov əlavə edib ki, modulun zədələnməsi tək təyyarənin qəzaya uğramasından yaranmayıb: "Burada atılan raketin də ciddi təsiri var. Modul təyyarənin quyruq hissəsində yerlədirilir. Ola bilsin ki, raket məhz o hissədən təyyarə ilə toqquşub".
Rusiya Hərbi-Kosmik Qüvvələri Komandanının müavini Sergey Dronov konfransda çıxışı zamanı deyib ki, ümumilikdə "qara qutu"nun oxunuşuna 14 ölkənin nümayəndələri dəvət edilib: "Hələlik London və Pekin nümayəndələrindən müsbət cavab ala bilmişik. Məlumatları oxunması prosesi xüsusi aparatla həyata keçiriləcək. "Qara qutu"nun hazırki vəziyyəti bunu tələb edir ".
Baynetov mütəxəssislərin yaddaş platasını moduldan ayırdığını bildirib: "Çox təəssüf ki, platada mexaniki zədə var. Buna görə də komissiya beynəlxalq müşahidəçi cəlb etməklə bu vəziyyəti müzakirə edəcək. Biz görülmüş və görülən işlərin gedişi barədə vaxtında məlumat verəcəyik".
Generalın fikrincə, jurnalistlər bu prosesin şahidi olacaqlar: "Çox az hallar olub ki, jurnalistlər belə vəziyyətdə "qara qutu"nun oxunmasında iştirak etsin. Təhlillər və məlumatların emalı dekabrın 19-u başlayacaq və dekabrın 21-də nəticəni açıqlayacağıq".
Qeyd edək ki, noyabrın 24-də Rusiyaya məxsus Su-24 qırıcısının Türkiyə F-16-ları tərəfindən vurulması iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olub. Rusiya prezidenti Vladimir Putinin noyabrın 28-də imzaladığı əmrə əsasən, Rusiya Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib.
Samir